Dünya

BƏƏ tarixində ilk lotereya lisenziyasını verdi

Birləşmiş Ərəb Əmirliklərinin hakimiyyət orqanları ilk dəfə lotereya tirajları üçün lisenziya verib.  Qaynarinfo xəbər verir ki, Baş Ticarət Oyunlarını Tənzimləmə Təşkilatı (GCGRA) 28 iyul bazar günü "The Game" MMC-yə lisenziya verdiyini elan edib. "Bu elan GCGRA-nın BƏƏ-də şəffaflıq, hesabatlılıq, istehlakçıların müdafiəsi və məsuliyyətli oyun təcrübəsi prinsiplərinə əsaslanan yaxşı tənzimlənən kommersiya oyun sektoru yaratmaq səylərində yeni mərhələni qeyd edir", deyə tənzimləyicinin bəyanatında qeyd edilir. "The Game" BƏƏ Lotereya brendi altında fəaliyyət göstərəcək və istifadəçilərə bir neçə növ lotereya və digər qumar oyunları təklif edəcək. Səlahiyyətlilər tərəfindən lisenziyalaşdırılan lotereyanın ilk tirajının dəqiq nə vaxt keçiriləcəyi məlum deyil. Bu, BƏƏ tarixində lotereya keçirmək üçün səlahiyyətli orqanlar tərəfindən verilən ilk lisenziya olmasına baxmayaraq, ölkədə uzun müddətdir ki, lotereyalar da daxil olmaqla, uduş tirajları keçirilir. İslam dinində qumar oyunlarının qadağan edilməsinə və ölkədə qeyri-qanuni olmasına baxmayaraq, onlar üçün biletlər supermarketlərdə, hava limanlarında, ticarət mərkəzlərində və banklarda sərbəst şəkildə satılır. Ekspertlər artıq lisenziyanın verilməsi faktını qumar oyunlarının daha da leqallaşdırılması istiqamətində bir addım hesab ediblər. Eyni zamanda, "Bloomberg Intelligence"in hesablamalarına görə, qumar biznesinin leqallaşdırılması və qumar kurortlarının tikintisi milyonlarla xarici turisti cəlb edə və xəzinəyə BƏƏ-nin ÜDM-nin 1,3%-nə bərabər məbləğ gətirə bilər. Aydın