Siyasət
Seçki kommunikasiyasında düzgün mesajların formalaşdırılması
Seçki prosesi siyasi kommunikasiyaların ən aktiv dövrlərindən biridir. Eyni zamanda müxtəlif platformalı namizədlər cəmiyyətə fərqli mövzularda mesajlar verirlər. Ancaq bu sahədə də strateji kommunikasiyaların qaydalarına əsasən planlı yanaşma gərəklidir.
Ümumi olaraq seçici ilə kommunikasiya 3 hissəyə bölünür. Birinci, müxtəlif sahələrdə deputatlığa namizədin düşüncə və fikirlərini və ya təmsil etdiyi siyasi partiyanın yanaşmasını əks etdirən Siyasi Platforma yaradılır. Platforma mütləq şəkildə hazırlanmalıdır ki, namizdən öz kommunikasiyasını rahatlıqla qursun və böhran halları ilə qarşılaşmasın. Platformaya bəzən proqram və ya manifest adı da verirlər. Platforma nisbətən kompleks dildə hazırlanır və bütün kampaniya dövründə bütün kommunikasiyalarda – seçicilərlə görüşlər, TV və radio çıxışları, sosial səhifələrinin konteninin yaradılması və s. gündəlik şəkildə istifadə olunur. Platformada qeyd olunanlarla bağlı namizəd hər zaman hazırlıqlı və medianın suallarına açıq olur. Platformanın dilinin də öz üslubu var, burada "mən” tipli ismarışlardan istifadə etmək düzgün sayılmır.
Seçkidən sonra, səsvermənin nəticəsində namizəd Milli Məclisə seçilərsə platforma öz qüvvəsini itirmir və deputat onun əsasında öz fəaliyyətini davam etdirə bilir.
Bununla yanaşı seçicinin ən çox qarşılaşdığı kommunikasiya Platforma deyil, ikinci elementdir – mesaj və ya ismarışdır. Seçicilərin əksəriyyəti uzun yazıdan ibarət olan proqramları yadda saxlamır, əvəzinə namizədlərin verdiyi və professionallar tərəfindən hazırlanmış mesajlarını unutmur. Məhz buna görə düzgün mesajların formalaşdırılması, onların namizədin siyasi yanaşmalarını əks ətdirməsi çox vacibdir. İdeal mesajlar qısa olmalıdır. Mütəxəssislər mesaj üçün maksimum 27 söz limiti qoyurlar. Daha uzun mesajlar auditoriya tərəfindən qəbul edilmir və yadda qalmır.
Eyni zamanda unutmaq olmaz ki, mesaj sloqan deyil! Kampaniyanın mesajı seçicilərə namizədin niyə parlament seçkilərinə qoşulduğunu və digər namizədlər sırasından niyə məhz onu seçməli olduqlarını bəyan edir. Mesaj potensial dəstəkşilərə aydın göstərməlidir ki, onların qarşıladığı problemlərə ən yaxşı həllər məhz sizdədir.
Digər vacib məqam da "kod söz”lərdən istifadə ilə bağlıdır. Son illər müxtəlif seçkilərdə "kod sözlərdən” istifadə olunur ki, bu da ən effektiv üsullardan sayılır. Sahənin araşdırmaçısı Castin Xo yazır ki, "kod sözlər” ümumi auditoriyaya deyil, konkret adamlara, konkret seçicilərə yönəlmiş sözlər olur və birbaşa təsir qüvvəsinə malikdir.
Yalnız bu mərhələr bitdikdən sonra kommunikasiya alətləri işə salınmalı və müxtəlif fokus qruplara yönəlmiş mesajlarla kommunikasiya qurulmalıdır. Sloqanların hazırlanması da bu mərhələyə aiddir.
"Viva" kommunikasiya agentliyi