Dünya

Türkiyəli nazir: ““Instagram”ın açılması üzrə danışıqlar son mərhələdədir”

Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu “Instagram” sosial şəbəkəsinin açılması üzrə danışıqların son mərhələdə olduğunu bildirib. Bizim.Media nazir Mersin vilayətində jurnalistlərlə söhbətində bildirib ki, idarənin nümayəndələri sosial şəbəkənin sahibi olan şirkətlə danışıqları davam etdirirlər. “Əsas yol qət olunub. Ümid edirik ki, tezliklə razılıq əldə edəcəyik”, - deyə türkiyəli nazir bildirib. Uraloğlu vurğulayıb ki, rəsmi Ankara ölkədə hər hansı sosial şəbəkələri, medianı qadağan edən bir imicin formalaşmasına qəti şəkildə qarşıdır. “Birmənalı olaraq əmin edə bilərəm ki, Türkiyə hakimiyyəti söz azadlığı mövzusuna sosial şəbəkələrin sahiblərindən daha geniş mənada yanaşır. Ankaradan fərqli olaraq onlar sosial şəbəkələri sizə xəbər vermədən bloklayırlar. Biz əvvəlcə problemin mövcudluğu ilə bağlı rəsmi xəbərdarlıq edir, sonra addımlar atırıq. Ümid edirəm ki, son nəticədə Türkiyə vətəndaşlarının gözləntiləri və həssaslığı nəzərə alınacaq”, - deyə o bildirib.  

Eyni zamanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkələri kəskin tənqid edərək, onlayn platformalara sahib olan şirkətləri ikili standartlarda və “rəqəmsal faşizmdə” ittiham edib. Bizim.Media