Siyasət

Çin Azərbaycanın tranzit ölkə statusunu artıra bilər (ŞƏRH)

"Biz çox istərdik ki, Avropadan, Çindən daşınan yüklər Azərbaycan üzərindən keçsin. Bunun Azərbaycan üçün müsbət tərəfləri ola bilərdi”.  Bunu Qaynarinfo-ya iqtisadçı Xalid Kərimli Azərbaycanla Çin arasında nəqliyyatla bağlı təsdiqlənən Memorandumun iqtisadi tərəflərini izah edərkən deyib. Ekspert bu yolun gəlirləri ilə yanaşı çoxlu çətinlikləri olacağını da diqqətə çatdırıb:  "Həm Azərbaycanın tranzit gəlir əldə etməyinə imkan verir, həm də yükdaşımalarda sahibkarlar da iştirak edir. Sahibkarlarımız idxal-ixrac  əməliyyatları üçün daha yaxşı istiqamət  tapırlar. İqtisadiyyatı genişləndirən, məşğulluğu artıran bir layihədir. Amma çoxlu problemləri var. Azərbaycanın özündə, Mərkəzi Asiyada da çox problemləri var. Bakı-Tiflis-Qars dəmir yolunun hələ indi istismara verilib. Ümid var idi ki, Zəngəzur dəhlizi olacaq, o da hələ reallaşmır". Ekspert bildirib ki, Dünya Bankının araşdırmasına görə, prosses ən sürətli şəkildə cərəyan etsə, yaxın bir neçə ildə bu yoldan 50-60% yükdaşımanı artıra bilərik. Xalid Kərimli hesab edir ki, bu təkcə Azərbaycandan asılı deyil: "Bu layihə Çin üçün maraqlıdır. Niyə? Alternativ bir kanaldır. Çin böyük  dövlətdir, müxtəlif kanalları dəstəkləyir. İkincisi, Mərkəzi Asiya və Qafqazda maraqları var, iqtisadiyyatı böyüyən bir ölkədir. Tədricən imperiyaya çevrilir. Artıq bir çox ölkələrin Çinə borcu var. Kredit verir, genişlənməyə davam edir. Əgər yaxşı işləsə ənənəvi istiqamətlərdə gediş-gəliş iki aya çəkirsə, bu yolda 15-16 günə başa gələcək".  Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov isə Qaynarinfo-ya açıqlamasında qeyd edib ki, bu fərmanın imzalanması yeni bir nəqliyyat dəhlizinin genişlənməsinə rəvac verəcək:  "Məsələnin iki tərəfi var. Birinicisi, onun texniki parametrləridir, ikincisi hüququ akt və sənədlərin qəbul olunmasıdır. "Transxəzər” dəhlizi üzrə yerləşən ölkələrin gərginlik şəbəkələri keçmiş SSRİ-dən qalmış texniki parametrlər üzərindədir. Yəni bunların hər biri SSRİ-dən qalan qaydalar əsasında və qəbul olunmuş normativlərlə həyata keçirilir. Ona görə də texniki parametrlər bu ölkələrlə daha uyğundur, nəinki Avropa və digər ölkələri üçün. Yeni qanunvericilik də buna uyğunlaşdırılmalıdır". Qeyd edək ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında Çin-Avropa Dəmiryolu Ekspresi üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutlarının inkişafı haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Fərman imzalayıb. Fərmana əsasən, 2024-cü il iyulun 1-də Bakı və Pekin şəhərlərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında Çin-Avropa Dəmiryolu Ekspresi üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutlarının inkişafı haqqında Anlaşma Memorandumu” təsdiq edilib.  Bahar Rüstəmli