Siyasət
"Şamaxıda millət vəkili olmağın yeni nümunəsini yaradacağıq" - Rauf Qurbanov
Sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərinə maraqlı simalar da qatılıb. Onlardan biri də 88 saylı Şamaxı seçki dairəsindən namizədliyini irəli sürən Rauf Qurbanovdur. 1984-cü ildə Şamaxı şəhərində doğulan Rauf Qurbanov 2001-ci ildə Bakı şəhərində Elşad Həmidov adına 267 saylı fizika-riyaziyyat təmayüllü lisey-məktəbi bitirib. Elə həmin ildə Azərbaycan İnşaat və Memarlıq Universiteti, "Mühəndis İqtisadiyyatı və İdarəetmə" fakültəsini fərqlənmə diplomu ilə başa vurub.
2007-2011-ci illərdə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti, Birinci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsində "İnspektor" vəzifəsində işləyib. Rütbəsi daxili xidmət leytenantı olub.
2011-2018-ci illərdə FHN Dövlət Yanğın Nəzarəti Xidməti, Birinci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsində "Baş İnspektor" vəzifəsində işləyib. Rütbəsi daxili xidmət mayoru olub.
2018-2020-ci illərdə FHN Dövlət Yanğın Nəzarəti Xidməti, Dördüncü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsində "Şöbə rəisi" vəzifəsinə qədər yüksəlib.
2020-2021-ci illərdə FHN Dövlət Yanğın Nəzarəti Xidməti, Aran Regional (Kürdəmir, Ucar, Zərdab, Yevlax, Naftalan, Tərtər, Goranboy, Mingəçevir, Göyçay, Kəlbəcər) Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi vəzifəsini icra edib. Ehtiyatda olan polkovnik-leytenantdır.
Rauf Qurbanov apardığı təbliğat və təşviqat kampaniyası, mediaya verdiyi açıqlamalarla qısa müddətdə ictimai diqqəti özünə yönəldib.
Qaynarinfo da növbədənkənar seçkilərin bu maraqlı personası ilə söhbətləşmək qərarına gəlib. Beləliklə, Rauf Qurbanovla müsahibəni oxucuların diqqətinə çatdırırıq:
- Rauf müəllim, seçkilərə qatılmanız hansı zərurətdən irəli gəlir? Bu sual sizə bir qədər qəribə gələ bilər. Amma yəqin siz də razılaşarsınız ki, bəzi hallarda deputat mandatından müəyyən imtiyazlar əldə etmək üçün istifadə edilir.
- Sualınız tam aydındır. Nə demək istədiyinizi başa düşmək o qədər də çətin deyil. Bəli, bu gün bəzi hallarda deputat statusundan korporativ maraqlar üçün istifadə hallarına rast gəlinir. Bəlkə də elə bu səbəbdəndir ki, seçicilər namizədlərin səmimiliyinə, verdikləri vədlərə şübhə ilə yanaşırlar. Mənim seçkiyə qatılmağım, qalib gəlmək istəyim isə deputat olub hansısa imtiyazlara sahib olmaq üçün deyil. Mən Şamaxı şəhərində doğulmuşam. Doğma şəhərimin müəyyən problemləri var ki, məni narahat edir. Təəssüf ki, bu problemlər yuxarı instansiyaların diqqətinə çatdırılmır. Nəticədə, hökumət tənqid hədəfi olur. Mənim məqsədim isə xalqla hökumət arasında körpü rolunu oynayıb problemlərin həllinə nail olmaqdır. Yəni, mən sözün əsl mənasında millətin vəkili olmağa çalışıram. Nəinki, deputat olub özümün, yaxın ətrafımın rifahını qaldırmağı.
- Təbliğat kampaniyasında hansısa maneələrlə üzləşirsinizmi?
- Xeyr. Təbliğat kampaniyası yüksək səviyyədə gedir. Sərbəst şəkildə seçicilərlə görüşlərimizi keçiririk. Heç bir inzibati müdaxilə ilə üzləşməmişik. Ümumiyyətlə, hesab edirəm ki, bütün addımlar qanuni şəkildə atıldığı təqdirdə hər hansı maneə ilə üzləşmək mümkün deyil. Azərbaycan hüquqi dövlətdir və burada bütün məsələlər hüquqi müstəvidə çözülür.
- Kampaniya zamanı seçicilər, əsasən hansı problemlərin həllinə nail olmağınızı istəyirlər?
- Əvvəla, onu deyim ki, deputatın vəzifəsi problem həll etmək deyil. Deputat məmur deyil. Deputatın işi bu problemləri qabartmaq, müvafiq instansiyaların diqqətinə çatdırmaq, onları problemlərin həllinə təşviq etmək və sair bu kimi addımlardır. Bəzən görürsən ki, seçici namizədə "Deputat seçilsəniz yollarımızı təmir edəcəksinizmi?" tipli suallar ünvanlayırlar. Axı deputat yol təmir edən deyil. Əgər bununla bağlı problem varsa, deputatın işi bunu diqqətə çatdırmaq, yeri gəldikdə, problemin həllini həmin qurumdan tələb etməkdir.
Bu baxımdan, açığı, mən seçicilərə "yol təmir edəcəyəm", "övladınızı işə düzəldəcəyəm" kimi vədlər vermirəm. Hesab edirəm ki, seçiciyə bu tip vədlər vermək doğru deyil. Bu, seçicini ələ almaqdır.
Konkret olaraq, bizim dairədəki seçicilərin qaldırdığı problemlər, əsasən, sosial sferanı əhatə edir. Mənim diqqətimi cəlb edən gənclərlə bağlı durumdur. Şamaxıda idman, təhsil və digər sahələrdə xeyli sayda istedadlı gənclər var. Lakin təəssüf ki, bu gün onlar bu və ya digər səbəblərdən önə çıxa bilmir. Bu baxımdan, düşünürəm ki, yerli hakimiyyət ilə bu yöndə bir layihə həyata keçirib istetadlı gəncləri önə çəkə bilərik.
Başqa problemlər də mövcuddur ki, bunlarla bağlı da müəyyən layihələrimiz var. Deputat seçiləcəyim təqdirdə, əlbəttə, ilk olaraq bu layihələrin həyata keçirilməsinə çalışacağam.
- Bilirsiz ki, respublikamızın hər yerində həssas təbəqələr var. Şəhid ailələri, qazilər və müharibə iştirakçıları bu təbəqələrdəndir. Şamaxıda əhalinin həssas təbəqələri ilə bağlı hansı addımları nəzərdə tutmusuz?
- Mən tək deyiləm, mənim komandam var. Məsələyə niyə buradan yanaşdığımızı indi izah edirəm. İdarəetmədə təkbaşına qərarlar hər zaman uğurlu olmur, mütləq fərqli fikirləri, ideyaları dinləmək, fikir fırtınası yaratmaq və rasional yanaşma ilə optimal çözüm yolları tapmaq lazımdır. İnsanlarla işləmək asan deyil və ciddi səbr, təmkin tələb edir. Şəhid Ailələri, qazilər və müharibə veteranları hər bir azərbaycanlının baş tacıdır, Vətənimizin ərazi bütövlüyü və suverenliyi bu insanların sayəsində təmin olunub. Xüsusi olaraq qeyd edirəm ki, dünyada heç nə övladını itirmiş valideynə bu övladı geri qaytara bilməz. Onlar yaralıdılar. Onlara münasibətdə həmişə ehtiyatlı olmaqda fayda var. Bu baxımdan həmin insanlara diqqət və qayğı göstərmək üçün mütləq deyil ki, millət vəkili, hər hansı vəzifəli şəxs olasan. Mənim şəxsi telefonum hər zaman Şəhid Ailələrinə, qazilərimizə və müharibə iştirakçılarına açıq olacaq, onların problemləri ilə şəxsən özüm məşğul olacam. Məqsədimiz Şamaxıda millətin vəkili olmağın yeni nümunələrini, örnəklərini yaratmaqdır. Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, xüsusilə əhalinin həssas təbəqələrinə qarşı münasibətdə dünyada tayı-bərabəri olmayan yaxşı nümunələr yaradıblar və belə örnək bir məktəbi olan xalqın gənc milli kadrı olaraq mən Rauf Qurbanov da üzərimə düşən vəzifəni şərəflə icra edəcəm.
- Şamaxıda insanların sizin millət vəkilliyinə namizəd olmağınıza münasibəti necədir?
- Doğrusu, bunu dəqiqləşdirmək mənim işim deyil. Lakin bir məsələni vurğulamaq istəyirəm ki, Şamaxıda millət vəkili, başqa sözlə deputat statusuna münasibət arzuolunmaz vəziyyətdədir, hətta çox pisdir. Bir növ millət vəkili statusu urvatdan düşüb. İlk dialoqlarda insanların şikayətləri, iradları bunu deməyə əsas verir. Həmyerlilərimin səsini qazanıb seçiləcəyim təqdirdə, əlimizdən gələni edəcəyik ki, dövlətçiliyin ən böyük sütünlarından olan qanunvericilik orqanının, bu orqanın seçilmiş vəkillərinin yerlərdə nüfuzunu bərpa edək. Seçiləcəyim halda, bu məsələ də diqqətimizdə olacaq.
- Rəy sorğularının nəticələri öndə olduğunuzu göstərir. Bəs özünüz nə düşünürsünüz, qalib gəlmək şansınız yüksəkdirmi?
-Təbii ki, mən özümə, həmyerlilərimə, onların mənə xoş və səmimi münasibətinə güvənib seçkiyə qatılmışam. Amma bəribaşdan qalib gələcəyimi söyləmək istəmirəm. Bir məqamı qeyd edim ki, təbliğat kampaniyası zamanı seçicilərin bizə daha çox maraq göstərdiyinin şahidi oluruq. Görünür, bu bizim seçicilərlə daha səmimi söhbətlərimizdən gəlir.