Siyasət

Sərhəddə atəşkəs niyə pozuldu? (ŞƏRH)

"Yaranmış gərginlik daha böyük miqyaslı toqquşmaya gətirib çıxarmayacaq. Ermənistanın bunun üçün nə resursları, nə gücü, nə də imkanları yoxdur".  Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov son iki gündə Ermənistanın Naxçıvan və Kəlbəcər istiqamətində atəşkəsi pozmasını şərh edərkən deyib. "Ermənistanın təxribatları hələ davam edəcək. Yenə də ayrı-ayrı istiqamətlərdə Ermənsitan tərəfdən atəşkəsin pozulmasının şahidi olacağıq. Onlar yenə də müxtəlif pilotsuz uçuş aparatları, müxtəlif modifikasiyalı kvadrakopterlərdən istifadə etməyə davam edəcəklər", deyə Üzeyir Cəfərov bildirib. Həmsöhbətimiz hesab edir ki, İrəvanın atəşkəsi pozmasının Bakıda bu günlərdə keçirilən görüşlərlə əlaqəsi var: "Bakıda səfərdə olan Rusiya Prezidentinin Moskvanın, Bakı və İrəvan arasında nizamlamada iştirak etməyə hazır olduğunu deməsi də bilavasitə sərhəddə baş verən proseslərlə əlaqəli məqamdır".     Ekspertin fikrincə, görünən odur ki, tərəflər arasında münaqişə varsa, onu nizamlamağa cəhd edən ölkələr də var: "Nədən Rusiya Prezidenti Azərbaycana gələnə qədər bu hadisələr baş vermədi, yalnız o gələn ərəfədə baş verdi? Aydın məsələdir ki, Ermənistan daxilində bu işdə  maraqlı qüvvələr var". Üzeyir Cəfərov qeyd edib ki, yaranmış gərginlik daha geniş miqyaslı toqquşmaya gətirib çıxarmayacaq. Həmsöhbətimiz vurğulayıb ki, Ermənistan  sadəcə bəzi prosesləri uzatmaqla məşğuldur: "İşğal altında olan Qazaxın 3 kəndi və Naxçıvanın Kərki kəndi hələ də Azərbaycana qaytarılmayıb. Bütün bunların fonunda istər-istəməz Azərbaycan müəyyən addımlar atmağa məcbur olacaq və onun Ermənistan üçün ağır nəticələri olacaq. Lakin geniş anlamda hərbi toqquşma gözlənilmir. Bunun üçün Ermənistanın resursları, gücü və imkanı yoxdur".  Qeyd edək ki, son iki gündə Ermənistan tərəfdən atəşkəsin pozulması halları yenidən intensiv xarakter almağa başlayıb. Avqustun 18-i, gecə saat 23:50 radələrində də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.  Eyni zamanda, Naxçıvan istiqamətindəki mövqelərimiz də növbəti dəfə atəşə tutulub. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, avqustun 18-i saat 19:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ləkətağ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən qeydolunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.  Rüfət Sultan