Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə 87 saylı Qobustan-Şamaxı-İsmayıllı seçki dairəsindən namizəd Şahin Seyidzadə İsmayıllı rayonunda seçicilərlə görüşlərə davam edir. Bizim.Media xəbər verir ki, deputatlığa namizəd 20 avqust 2024-cü ildə İsmayıllı rayonunun Əhən, Duvaryan, Ximran, Qoydan, Zərnava kəndlərində və Lahıc qəsəbəsində görüşlər keçirib. İlk görüş Əhən kəndində baş tutub. Ş.Seyidzadə yerli sakinlərlə yanaşı, Duvaryan, Ximran və Qoydan kəndlərindən olan seçiciləri ilə ünsiyyətdə olub. İştirakçıların fəal olduğu görüşdə seçiciləri maraqlandıran suallar cavablandırılıb, onlara Şahin Seyidzadənin seçki platforması ilə bağlı ətraflı məlumat verilib. Digər görüş nadir dəmirçilik ənənələri ilə məşhur olan Lahıc qəsəbəsində keçirilib. Qədim xalq sənətkarlıq nümunələrinin qorunduğu və misgərlik sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edildiyi qəsəbədəki görüş zamanı Şahin Seyidzadə seçicilərin irəli sürdüyü mühüm məsələlər dinləyib və onlara seçki platforması təqdim edib. Lahıca ziyarət zamanı deputatlığa namizəd şəhidlərimizin məzarlarını ziyarət edib. Daha sonra Zərnava kəndində seçicilərlə görüşən deputatlığa namizəd sakinləri maraqlandıran mövzular ətrafında maraqlı müzakirələr aparıb, seçki platforması barədə seçicilərə ətraflı məlumat verib. Görüşdən öncə ölməz şəhidlərimiz Fərəcov Cəsarət İsmayıl oğlu və Novruzov Mətləb Cilovxan oğlunun məzarlarını ziyarət edərək, əziz xatirələrini yad edib. Qeyd edək ki, Şahin Seyidzadə VI çağırış Milli Məclisin deputatı olub. O, 2022-ci ilin 3 mart tarixindən bəri İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədridir. Bizim.Media