Siyasət

Könüllü gedən erməniləri Qarabağa kim qaytarmaq istəyir? (ŞƏRH)

"Qarabağdan öz xoşları ilə gedən ermənilərin geri qaytarılması məsələsinin qabardılması Azərbaycana təzyiq etmək istəyən müxtəlif ölkələrin istifadə etdiyi bir şərtə çevrilib". Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev deyib: "Qarabağa qayıtmaq istəyən ermənilərin sayı indiki mərhələdə olduqca azdır. Onların əsas məqsədi ya İrəvanda, ya da alınarsa xarici ölkələrdə özləri üçün yaşayış qurmaqdır. Bu mənada son zamanlar bəzi xarici dairələr tərəfindən Qarabağdan öz xoşları ilə gedən ermənilərin geri qaytarılması məsələsinin qabardılması elementi sadəcə olaraq, siyasi müstəvidə Azərbaycana təzyiq etmək istəyən müxtəlif ölkələrin istifadə etdiyi bir şərtə çevrilib". Arif Əliyev bildirib ki, hazırkı mərhələdə Azərbaycanın Rusiya ilə bağlı əlaqələrinin, Çinlə bağlı planlarının genişlənməsi və həmin planlarda İranın da bu və ya digər dərəcədə yer alması Avropa üçün çox qıcıqlandırıcı faktordur: "Ona görə də bir çox ölkələrin tək Qarabağla bağlı məsələlərdə yox, digər məsələlərdə də münasibətlərinə və qoyduğu suallara təsir edir".  Qərbin bu məsələ ilə bağlı "Beynəlxalq himayə altında danışıqlar" dedikdə hansı formatı nəzərdə tutdurlarına gəlincə, həmsöhbətimiz düşünür ki, əslində heç bir format nəzərdə tutulmur: "Çox zaman bu cür ifadələrin altında boş mənalar dayanır. Prosesin gedişində də ona müəyyən məna verilir. Həmin sualı bu tezisi irəli sürənlərin özlərinə versən fərqli-fərqli fikirlər səsləndirəcəklər. Biri deyəcək, beynəlxalq format deyəndə mövcud Minsk Qrupunu, digərləri Avropa İttifaqının təşəbbüsünü, üçüncülər də Amerika xəttini nəzərdə tutduqlarını bəyan edəcəklər. Bu formatlar bir sıra məsələlərdə bir-birini tamamlasalar da, mühüm məsələlərdə bir-biri arasında ziddiyyət təşkil edir. Həmin ziddiyyət dəfələrlə özünü göstərib. Bu ziddiyyətlər danışıqlarda iştirak edən Azərbaycan nümayəndələrinin bəyanatlarında da dəfələrlə qeyd olunub".  Qeyd edək ki, son zamanlar Qərbdəki bəzi dairələrin Qarabağı öz xoşları ilə, könüllü şəkildə tərk etmiş ermənilərin yenidən qayıdışı məsələsini qaldırmağa başlayıblar. Fransanın Ermənistandakı səfiri Olivier Dekotini yenidən anti-Azərbaycan mövqeyi ilə fərqlənib, Qarabağı könüllü tərk etmiş ermənilərin "geri qayıtmaq hüququnu" xatırladıb. O, sosial şəbəkə hesabında yazıb: "Gəlin öz torpaqlarından qovulmuş, qayıtmaq hüququ Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən təsdiq edilmiş Dağlıq Qarabağ ermənilərini unutmayaq". Bir ay əvvəl İranın Ermənistandakı səfiri Mehdi Sobhani də özünün erməni sevgisini gündəmə gətirərək, ermənilərin könüllü qayıtması üçün şəraitin yaradılacağına ümid etdiyini bildirib. Ardınca da qeyd edib ki, bunun üçün dialoq və danışıqlar lazımdır.  Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar da Qarabağ ermənilərinin qaytarılmasını həyasızcasına regionda münasibətlərin normallaşması prosesinin tərkib hissəsi kimi dəyərləndirib. Bir sözlə, görünən odur ki, Qərbdəki bəzi dairələr Azərbaycana təzyiq etmək üçün yenidən Qarabağ erməniləri kartını gündəmə atmağa çalışırlar.  Rüfət Sultan