Vladimir Putin Çeçenistan Respublikasına işgüzar səfəri çərçivəsində Qroznıda Minutka meydanında yerləşən İsa peyğəmbərin adını daşıyan yeni məscidi ziyarət edib. Bizim.Media "grozny-inform.ru" saytına istinadən xəbər verir ki, Rusiya prezidentini Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov müşayiət edib. Məsciddə onları Çeçenistan Respublikası rəhbərinin müşaviri, Çeçenistan Respublikasının müftisi Salah-Hacı Mejiyev qarşılayıb. Dini binanın görkəmi dövlət başçısında böyük təəssürat yaradıb. Burada Ramzan Kadırov və Salah-Hacı Mejiyev ona Çeçenistanın fəxri vətəndaşı nişanını və sertifikatını təqdim ediblər. Putin də öz növbəsində zərli ornamentlərlə və zinət daşları ilə bəzədilmiş məscidə Quran bağışlayıb. Qurani-Kərimi açan Çeçenistan Respublikasının müftisi ayəni ərəbcə oxuyub və Rusiya rəhbərinə tərcümə edib: “Əgər hədəf seçsən, Allah-Taala hədəfinə çatmağa kömək edər”. "Biz məğlub ola bilmərik!" - deyə Ramzan Kadırov əlavə edib. Putin bu sözdən məmnun qalıb. O, Quranı əlinə alıb, müqəddəs kitabın gözəlliyini qeyd edərək onu öpüb. Xatırladaq ki, Vladimir Putin Çeçenistan Respublikasının Birinci Prezidenti Əhməd-Hacı Kadırovun məzarını və Vladimir Putin adına Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetini də ziyarət edib. Bizim.Media