Xəbər verdiyimiz kimi, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 22-23-də Özbəkistanda dövlət səfərində olacaq. Səfər çərçivəsində Daşkənd şəhərində Özbəkistan və Azərbaycan liderlərinin sədrliyi ilə ən yüksək səviyyədə danışıqların və Ali Dövlətlərarası Şuranın ilk iclasının keçirilməsi planlaşdırılır. Sammitin gündəliyinə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq və çoxşaxəli əməkdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi və genişləndirilməsi məsələləri daxil edilib. Prezidentlərin iki ölkənin biznes nümayəndələri ilə birgə görüşü, bir sıra işgüzar və mədəni tədbirlərdə iştirakı da nəzərdə tutulub.
Onu da qeyd edək ki, görüş ərəfəsində Daşkənddə Azərbaycan-Özbəkistan biznes forumu keçirilib. Forumda Bakıdan 67 şirkət və 10 dövlət qurumu təmsil olunub. Azərbaycan-Özbəkistan münasibətlərinin inkişaf yolu Nəzərə alaq ki, dost və qardaş Özbəkistanla ölkəmiz arasındakı əlaqələrdə son illər xüsusi bir canlanma var. Azərbaycan-Özbəkistan iqtisadi əlaqələri də intensiv inkişaf edir. Bunu ticarət dövriyyəsinə dair statistika da təsdiqləyir. Belə ki, ötən il Özbəkistanla ticarət dövriyyəsinin həcmi 180 milyon dollara yaxın olub. Bu ilin ilk beş ayında isə həmin göstərici təqribən 70 milyon dollar təşkil edib. Azərbaycanda sənaye, ticarət, nəqliyyat, tikinti, kənd təsərrüfatı və xidmət sahələri üzrə 90-dan çox Özbəkistan şirkəti qeydiyyatdan keçib. Sənayeyə birgə investisiya qoyuluşu uğurlu nəticələrini göstərir. Məsələn, Hacıqabul Sənaye Parkında birgə layihə çərçivəsində avtomobil istehsal edilir. Bu il iyulun 1-nə olan məlumata görə, əməkdaşlıq çərçivəsində 5300-dən çox "Chevrolet" avtomobili buraxılıb. Bundan başqa, birgə pikap, yük maşını və avtobus istehsalı həyata keçirilir. Azərbaycan-Özbəkistan əlaqələrinin, o cümlədən iqtisadi əməkdaşlığın belə yüksək səviyyəyə çatmasında xalqlarımızın bir-birinə yaxınlığı, xüsusilə Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri həlledici rol oynayır. Təsadüfi deyil ki, ölkələrimizin prezidentləri qarşılıqlı dövlət səfərləri və rəsmi səfərlərdən əlavə, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər. Belə ki, iyulun 4-də Azərbaycan və Özbəkistan prezidentləri Qazaxıstanın paytaxtı Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Zirvə görüşündə iştirak etmişdilər. Bundan iki gün sonra isə Özbəkistanın dövlət başçısı Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Şuşaya gəlmişdi. Avqustun 9-da isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak edib. Bu tədbir çərçivəsində də Azərbaycan Prezidenti ilə Özbəkistan Prezidenti bir araya gəlib. Göründüyü kimi təkcə son 2 ayda Azərbaycan və Özbəkistan liderləri bir neçə dəfə görüşüblər. Bu görüşlər isə təbii ki, iki dost və qardaş ölkə arasında yeni imkanlar açır. Tarixi zərurət Məlum olduğu kimi türk soyundan olan iki xalq tarix boyu yaxın və dost olub. Lakin SSRİ dağılandan sonra bir müddət iki ölkə arasında əlaqələr xeyli zəiflədi. Lakin son dönəmlər münasibətlərdə müsbət bir dinamika var. Bu münasibətlər həyatımızın bütün sahələrini əhatə edir. Amma ən çox maraq doğuran siyasi əlaqələrdəki pozitiv dəyişiklikdir. İndi Azərbaycan və Özbəkistan bir çox beynəlxalq platformalarda eyni mövqedən çıxış edir, ortaya birgə siyasi iradə qoyurlar. Bu da təbii ki, hər iki ölkənin gücünə güc qatır. Bu gün Özbəkistan Avropaya çıxış üçün Azərbaycanı ən yaxşı platforma kimi görür. Eyni zamanda Özbəkistan Azərbaycan üçün Şərqə açılan ən ideal qapıdır. Lakin bu yaxınlaşmada əsas hədəf tarixi keçmişə əsaslanaraq yaxınlaşmaq və birgə olmaqdır. Hər iki türk respublikasının birgə və səmərəli fəaliyyəti digər türk dövlətlərinin də maraqlarına xidmət edir. Üstəlik, birləşən səylər xarici bəd təsirləri də neytrallaşdırmaq üçün əlavə fürsət yaradır. Bu gün hər kəs Türk Birliyindən danışır. Bu birliyi dərinləşdirmək və sarsılmaz etmək məsələsində Azərbaycanın, xüsusən də Prezident İlham Əliyevin müstəsna xidmətləri var. Azərbaycan lideri dünyada yeni güc mərkəzi formalaşdırmaq və hər şeyin “Böyük beşliyin” qərar və istəklərindən asılı olmadığını sübut etmək üçün çox ardıcıl və səmərəli fəaliyyət göstərir. Dost və qardaş ölkə olan Özbəkistanın da bu siyasətə böyük ölçüdə qatqısı ola bilər. Çünki Özbəkistanın çox böyük iqtisadi potensialı var. İqtisadi potensialı siyasi gücə çevirmək üçünsə dost və qardaş ölkələrlə eyni mövqedən çıxış etmək çox vacibdir. Təqdir edilməli haldır ki, bu gün Özbəkistanın siyasi elitası bu məqamı çox doğru dəyərləndirir və regional güc olan Azərbaycanla daha da yaxınlaşmaq üçün bütün zəruri addımlar atılır. Ona görə də Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri bu istiqamətdə çox mühüm və parlaq səhifə açacaq. Surxay Atakişiyev, Bizim.Media