Siyasət
"Azərbaycan Qəzzada və Ukraynada atəşkəsə nail ola bilər" - Politoloq
"COP29-un keçirildiyi ərəfədə Qəzza və Ukraynada hərbi əməliyyatların dayandırılması tamamilə mümkündür".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Abutalıb Səmədov COP29-un baş katibi Elnur Sultanovun Azərbaycanın tədbir zamanı bütün dünyaya atəşkəslə bağlı çağırış edəcəyi fikrini şərh edərkən deyib.
Abutalıb Səmədov bildirib ki, Paris Olimpiadası zamanı Fransa prezidenti Emmanuel Makron atəşkəs təşəbbüsü ilə çıxış etdi, lakin heç kim ona əhəmiyyət vermədi:
"COP29-un keçirildiyi dövrdə Azərbaycanın belə bir təşəbbüslə çıxış etməsi dövlətimizin nə qədər sülhsevər olduğunun göstəricisidir. Bununla ölkəmiz sülh istədiyini, əmin-amanlıq tərəfdarı olduğunu bütün dünyaya nümayiş etdirəcək. Həmin dövrdə Qəzza və Ukraynada hərbi əməliyyatların dayandırılması tamamilə mümkündür. Məlumdur ki, noyabrda Ukrayna prezidentinin təşəbbüsü ilə ikinci Sülh Forumu gözlənilir. Həmin forum da ola bilsin COP29 keçirilən ərəfədə baş tutdur. Sülh Forumunda Kiyev və Moskva iştirak edərsə, bu vəziyyətdə atəşkəsin olması təbiidir. Qəzza məsələsində də sülh axtarışları davam edir. ABŞ dövlət katibi Entoni Blinkenin sülh planı İsraili qane etsə də, HƏMAS-ı çətin ki, razı salsın. Ola bilsin ki, bu plan sülhə gətirməsin. Ancaq danışıqlar davam edəcək. Mümkündür ki, noyabrda bu bölgədə də ən azından atəşkəsə nail olmaq mümkün olsun. Çünki ciddi axtarışlar gedir. Bütün hallarda Bakının belə bir çağırışla çıxış etməsi son dərəcədə müsbət hadisədir".
Ekspert bildirib ki, bu addım Azərbaycanı dünyanın nəzərində sülhsevər dövlət kimi tanıtmağa xidmət edir:
"Bu gediş anti-Azərbaycan qüvvələr və Ermənistanın ölkəmizə qarşı apardığı təbliğata ciddi zərbədir. Hazırda müharibə tərəfləri sülh yolunu axtarsa Azərbaycan hakimiyyətinin atəşkəs çağırışı da öz nəticəsini verəcək".
Qeyd edək ki, bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) baş katibi Elnur Sultanov Türkiyənin "Anadolu" agentliyinə müsahibəsində Azərbaycanın COP29-da bütün dünyaya atəşkəslə bağlı çağırış edəcəyini bəyan edib.
Rüfət Sultan