Digər

“2 min manatı dana ətinə verməkdənsə...” – İlahiyyatçıdan ehsan israfçılığına ETİRAZ

“Çox təəssüf ki, müəyyən səbəblərdən bəzi dini terminlər, məfhumlar və əməllər zamanla təhrif edilərək öz əsl mahiyyətini itirmək üzrədir. Bunlardan biri də ehsan anlayışıdır. Ehsan sözü ərəbcə yaxşılıq mənasında işlənir. Dini istilahda da xeyirxahlıq, yaxşılıq, sədəqə, başqasına fayda vermək anlamındadır. Birinə bir xoş söz demək də ehsandır. Yəni, təmənnasız, Allah rızası üçün edilən hər bir yaxşı əməl ehsandır”.  Bu son zamanlar ciddi müzakirə olunan yemək ehsanı barədə Bizim.Media-ya danışan ilahiyyatçı Tural İrfan deyib.  Onun sözlərinə görə, indi ölkəmizdə ehsan deyərkən yalnız yas məclisi, aş, halva və digər yeməklər yada düşür: “Bu, yanlış təsəvvürdür. Kasıb adamlara əl tutmaq, yolu olmayan qəsəbəyə yol çəkmək, su çəkdirmək, körpü salmaq, ehtiyacı olan şəxslərə maddi-mənəvi yardım etmək ən böyük ehsandır. Doğrudur, aclara, miskinlərə yemək, su vermək də ehsan sayılır. Amma ehsanı yalnız yemək-içməklə məhdudlaşdırmaq, mahiyyətini qarın, boğaz səviyyəsinə endirib kiçiltmək olmaz. Əgər bir kəndin yolu yoxdursa, orada vəfat edənlərin yasında camaata yemək vermək əvəzinə, yolu düzəltmək əsl ehsandır və mərhuma davamlı savab gətirən əməldir. Yeməyi bir dəfə camaat yeyir, durub gedir. Amma yoldan uzun zaman hamı istifadə edir, bu da mərhuma rəhmət, dua oxudur.  Bizim cəmiyyətdə bu adətin də nizamı pozulub. Din xadimləri də normal təbliğat aparmır. Çünki yasda yemək verilməyib yol çəkdirilsə, din xadimi məclisdə qarnını doydura bilməyəcək. Yəni, özlərinə sərf etmir deyə, demirlər. Amma bu, dinin həqiqətlərindəndir”. “Dana ətinə 2 min manat verənə qədər...” İlahiyyatçı hesab edir ki, əzizini itirmiş şəxs 2 min manat dana ətinə pul verincə, hansısa kasıb tələbənin təhsil haqqını ödəsə bunun həm mərhuma, həm də ehsan sahibinə çox böyük savabı yetər: “Bəli, kasıb, yetim tələbələr var ki, təhsil haqqını ödəyə bilmədiyinə görə məktəbdən xaric edilir. Onların təhsil borcunu ödəmək olar. İmkansız ailələrə, xəstələrə kömək etmək olar ki, əsl ehsan budur. Şagirdlərə qələm - dəftər paylamaq, paltarı olmayana məktəb paltarı alıb sevindirmək olar ki, ən böyük ehsan budur.  Yoxsa bir də görürsən, bir nəfər atasına guya "ehsan" verir. Varlı, imkanlı adamlar böyük maşınlarla gəlib oturur, bahalı yeməklər, təmtəraqlı süfrədə yeyib-içib hərəsi də müəyyən məbləğdə pul yazdırıb, üstündən də bir siqaret yandırıb gedirlər. Bunun nəyi ehsandır? Bu alverdir, borc qaytarmaqdır. Gəldi yedi, yeməyinin də pulunu verdi getdi. Bu ehsan deyil, heç qonaqlıq da deyil. Ölüyə də heç bir faydası yoxdur.  Ancaq yaxşı olar ki, elə şəxslər mərhumlar üçün daimi savab, rəhmət gətirən işlər etsinlər. Bir də görürsən bir kənddə milyonerin yaxını ölür, qəbristanlığın yolu bərbad vəziyyətdə, camaat palçıqda məşəqqətlə gedib çıxır qəbristanlığa. Gətirib yolu düzəldən yoxdur. Hətta elə yerlər olub ki, ölüləri götürməyə normal bir cənazə olmayıb. Qəbristanlıqda yağışın altında çürümüş taxta cənazə sınıb ağır gövdəli meyit yerə, palçığa düşüb. Təzədən qaytarıb kəfənini dəyişib aparıblar.  Halbuki o məntəqədə onlarla varlı, imkanlı adamlar var ki, normal dəmir cənazə düzəltirib, ehsan edə bilərlər. Yəni, biganəlik, səhlənkarlıq, bəzən də cahillik, tamahkarlıq imkan vermir ki, cəmiyyətdə normal ənənə formalaşsın”. Surxay Atakişiyev, Bizim.Media