Siyasət

"Dövlətimiz nə qədər güclü olarsa…" - Namizəd, vəkil Sərdar İsmayılovdan açıqlama

"Bir çox namizədlərdən fərqli olaraq seçki kampaniyam resurslar baxımından daha məhdud idi. Lakin biz bu məhdudiyyəti xalqla yaxın ünsiyyət qurmaq, onların dərdini dinləməklə aşdıq.” Bu sözləri Qaynarinfo-ta açıqlamasında vəkil, namizəd Sərdar İsmayılov deyib: "Seçkiyə çox az vaxt qalıb. Bu müddət ərzində qarşılaşdığımız çətinliklərə baxmayaraq, əlimizdə olan məhdud imkanlarla belə çox böyük işlər gördük. Bir çox namizədlərdən fərqli olaraq seçki kampaniyam resurslar baxımından daha məhdud idi. Lakin biz bu məhdudiyyəti xalqla yaxın ünsiyyət qurmaq, onların dərdini dinləməklə aşdıq. Vurğulamaq istəyirəm ki, mənim hədəfim yalnız qanunların qəbulu və onların düzgün tətbiqi deyil, o cümlədən, dövlətimizə faydalı olmaq, ona layiqincə xidmət etməkdir. Çünki dövlətimiz nə qədər güclü, qüdrətli olarsa, xalqın rifah səviyyəsi, həyat şəraiti də bir o qədər yüksək olar. Siyasətə gəlişimdə əsas amil budur – irimiqyaslı işlərin görülməsində iştirak etmək və daha da faydalı olmaq", deyə Sərdar İsmayılov bildirib.  Sərdar İsmayılov əlavə olaraq "Zəfər Güclülərin Haqqıdır" - Gələcəyə Ümidlə!” devizi haqqında da onu qeyd edib ki, "Güclü olmaq təkcə maddi imkanlarla bağlı deyil, mənəvi güc, vicdanlılıq, sədaqət və cəsarət də vacibdir. Seçicilərin qarşısında dürüst olmaq, onların inamını doğrultmaq istiqamətində cəsarətli addımlar atmaq - güclü olmaq budur. Mən inanıram ki, bu seçki kampaniyasında göstərdiyimiz əzmkarlıq və səmimiyyət nəticə verəcək və devizimiz həqiqətə çevriləcək".