Siyasət
QHT sədri: "Ermənistan itkin düşmüş azərbaycanlılar barədə məlumatları təqdim etməlidir"
30 Avqust - Beynəlxalq İtkinlər Günüdür. Bu gün 2010-cu il dekabrın 21-də BMT-nin Baş Məclisi tərəfindən təsis edilib. Həmin gün dünyada baş verən silahlı münaqişələr, zorakılıq halları, miqrasiya və təbii fəlakətlər nəticəsində itkin düşmüş yüz minlərlə insanı yad etmək, onların ailələrinə dəstək olmaq məqsədilə əlamətdar gün kimi qeyd olunur.
İtkin düşənlərə qarşı amansız vəhşiliklər törədən ölkələrdən biri, bəlkə də birincisi Ermənistandır.
Ermənistanın Azərbaycana qarşı təcavüzü dövründə 2010-cu ilə olan məlumata görə, 4090-a qədər Azərbaycan vətəndaşı itkin düşüb. Hazırda münaqişəsinin başa çatmasına baxmayaraq, 3 mindən çox soydaşımız hələ də itkin düşmüş şəxs kimi qeydiyyatdadır.
Ermənistan ölkəmizə hərbi təcavüz nəticəsində əsir və girov götürülmüş şəxslərə münasibətdə beynəlxalq hüquq normaları, o cümlədən beynəlxalq humanitar hüququn tələblərini də kobud şəkildə pozub. Ermənilər əsir və girov götürülənlərə işgəncə verib və bu işgəncə hallarının izlərinin itirilməsi üçün onların meyitləri belə Azərbaycan tərəfinə təqdim edilməyib. Bu azmış kimi İrəvan itkin düşmüş Azərbaycan vətəndaşlarının tapılması ilə bağlı əməkdaşlıqdan da yayınır. Çünki törətdiyi cinayət əməllərinin ortaya çıxacağından qorxur.
1992-ci il fevralın 26-da barbar ermənilər Xocalı soyqırımı törədərək, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 yaşlı insanı vəhşicəsinə öldürüb.
Xocalı soyqırımı zamanı yüzlərlə azərbaycanlı əsir və girov götürülüb. Onlardan 36-sı uşaq, 65 qadın olmaqla 196 nəfərin taleyi naməlum olaraq qalmaqdadır.
Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlama verən "Azərbaycanda Yoxsulluğun Azaldılmasına Kömək" İctimai Birliyinin sədri Nazim Əliyev bildirib ki, Ermənistan itkin düşmüş azərbaycanlılar, kütləvi məzarlıqlar barədə məlumatları Azərbaycana təqdim etməlidir:
"Azərbaycan dəfələrlə Ermənistandan itkin düşmüş Azərbaycan vətəndaşları, həmçinin kütləvi məzarlıqlar barədə məlumatların təqdim edilməsini tələb edib. Lakin bu günə qədər Ermənistan dəqiq mina xəritələri, nə də itkinlərin kütləvi məzarlıqları barədə məlumatları Azərbaycana təqdim etməkdən yayınır. Hansı ki, mina xəritələrinin verilməməsi səbəbindən son illər yüzlərlə Azərbaycan vətəndaşı mina partlayışının qurbanı olub.
Ermənistandan itkin düşmüş Azərbaycan vətəndaşları, həmçinin kütləvi məzarlıqlar barədə məlumatların Azərbaycana təqdim edilməsini tələb edirik. Ermənistanın insan hüquq və azadlıqlarını bu şəkildə pozmasına beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti reaksiya verməlidir".
QHT sədrinin fikrincə, Ermənistanı bu addıma vadar etmək üçün Beynəlxalq Qırmızı Xaç Komitəsi və İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya öz fəaliyyət və səyini daha da artırmalıdır:
"Bunun üçün də İrəvana təzyiqlər edilməlidir".
Həmsöhbətimiz problemin kökündən həlli üçün prosesdə BMT-nin də aktiv iştirakını vacib hesab edir:
"İtkin düşmüş şəxslər problemi yalnız Azərbaycan üçün aktual deyil, qlobal mahiyyət daşıyır. Ona görə də, bu məsələdə ciddi dönüşün olması üçün BMT baş katibi Antonio Quterreş BMT-nin geniş səlahiyyətlərə malik itkin düşmüş şəxslər üzrə xüsusi məruzəçisini təyin etməlidir.
Əks təqdirdə, erməni barbarları və digər bu kimi insanlığa zidd qüvvələr bəşər övladına qarşı vəhşi əməllərini yenə də davam etdirəcəklər".
Rüfət Sultan