Qərb Ukraynanı yenə aldatdı. Avropa Sülh Fondu vasitəsilə Ukraynaya ayrılan 6 milyard avrodan çox hərbi yardım Avropa İttifaqına (Aİ) daxil olan ölkələrdən birinin vetosu səbəbindən dondurulmuş vəziyyətdə qaldı. Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Brüsseldə Aİ xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən əvvəl bildirib. “Bir Avropa İttifaqı ölkəsinin vetosuna görə Ukrayna üçün 6 milyard avro Avropa Sülh Fondunun hesabında dondurulmuş vəziyyətdə qalır”, - o qeyd edib. Bu isə Ukrayna üçün intihar deməkdir. Çünki Ukraynanın ümumi borcları 6 trilyon 115 milyard 263,5 milyon qrivnaya çatıb. Bu isə ölkənin defolt vəziyyətə gəlməsini göstərir. Bunun çox hissəsi xarici borclardır. Məsələ ilə bağlı bir müddət əvvəl mətbuata danışan ukraynalı nazir Sergey Marçenko bildirib ki, defoltdan qaçmaq üçün təxminən 20 milyard dollarlıq xarici borcun ən azı bir hissəsini bağlamaq lazımdır: Halbuki, Aİ uzun zamandır ki, Ukraynanın xarici borclarına çözüm tapacağını deyirdi. Sonuncu dəfə Avropa İttifaqının Xarici Əlaqələr Şurasının iclasında Jozep Borrel demişdi ki, Ukrayna 1-7 iyul tarixlərində Rusiyanın dondurulmuş aktivlərindən gözlənilməz gəlirdən 2,5 milyard avro alacaq. “Bunlar həftələrdir müzakirə olunan 5 milyard avroluq Avropa Sülh Mexanizmi ilə Ukraynaya Yardım Fondu məsələsidir. İnanıram ki, bu gün nazirlər bunu mütləq təsdiq edəcəklər. Bu, Ukraynaya hərbi dəstəyimizi artırmaq üçün çox vacibdir”. Göründüyü kimi Qərb sözdə Ukraynaya hər cür dəstək göstərdiyini desə də, reallıq ondan ibarətdir ki, ortada heç nə yoxdur. Üstəlik, Qərb son zamanlar Ukraynaya verdiyi kreditlərin bir hissəsinin geri ödənilməsini tələb edir. Avropa İttifaqı da bu tələbə qarşılıq kimi bildirmişdi ki, Rusiyanın dondurulmuş aktivlərinə hesablanmış faizlər avqustun 1-dək Ukrayna veriləcək. Amma avqustun sonunda Aİ bəyan edir ki, “yenə alınmadı”. Beləcə, Ukrayna çökdürülür. Onu bu bəlaya sövq edən Qərbsə rəsmi Kiyevdən verdiyi hər quruşunun hesabını sorur. Anlaşılan odur ki, Qərb Ukraynaya heç nə verməyəcək. Əksinə Ukraynanın adından istifadə edərək Rusiyanın Avropadakı aktivlərindən gələn faizləri mənimsəyəcəklər. Ən əsası Qərb son addımları ilə göstərdilər ki, rəsmi Kiyevi daha ağır öhdəliklər altına salmaq istəyirlər. Bu öhdəliklərsə ondan ibarət ola bilər ki, Ukraynanın maliyyə və iqtisadi resursları birbaşa Qərb şirkətlərinin balansına keçsin. Nəzərə alaq ki, ABŞ bu addımı çoxdan artıb. Rusiyanın bu ölkədə olan aktivlərindən gələn faizlər yerli hökumətə veriləcək. Ukraynanın iki variantı var Ya suveren kreditorlar borclarının restrukturizasiya edərək 2027-ci ilə qədər ödənişlərin dayandırılması üçün lobbiçilik etməlidirlər, ya da çıxış yolu görməyən Ukrayna defolt elan etməlidir. İlk variant ağlabatan olsa da, müəyyən risklər var. Çünki ödənişlərin gecikdirilməsi Ukrayna üçün potensial xərcləri artıracaq. Bundan əlavə, faizlər artacaq və ödənişlərin həcmi ilə bağlı danışıqların təxirə salınması çoxtərəfli və ikitərəfli kreditorların narahatlığını azaltmayacaq. Ancaq defolt da çıxış yolu deyil. Belə olacağı təqdirdə bütün kateqoriyalardan olan kreditorlar narazı qalacaq və gələcək maliyyələşdirmə təhlükə altına düşəcək. Bu variantsa Ukraynanın hərtərəfli sonunu gətirəcək. Bu yerdə “Politico”-nun yaydığı son məlumatı da diqqətə çatdırmaq istəyirik. Nəşr yazır ki, Avropa İttifaqı Rusiya qazına Ukraynaya yardımdan iki dəfə çox vəsait xərcləyir: “Bu gün Rusiya qazından asılılığı azaltmaq üçün göstərilən hər cür səylərə baxmayaraq, hələ də ABŞ-dan sıxılmış qaz tədarükü Avropa İttifaqına ümumi qaz idxalının 15%-ni təşkil edir”. Bu da bir daha onu sübut edir ki, Ukrayna Rusiyadan əvvəl ABŞ və Avropa İttifaqının “qurdlar süfrəsi”nə qoyulub. Surxay Atakişiyev, Bizim.Media