Siyasət
"Paşinyan və erməni cəmiyyəti sülhə hazır deyil" (ŞƏRH)
"Ermənistan cəmiyyəti və hakimiyyəti sülhə hazır deyil".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Rüstəm Tağızadə deyib.
Politoloq bildirib ki, hazırda Ermənistan daxilində gedən siyasi proeslər fonunda keşiş Baqrat Qalstanyan və Qarabağ separatçıları sentyabr ayı üçün Nikol Paşinyana qarşı yönəlik böyük bir mitinq təşkil etməyə çalışırlar:
"Onlara bu məsələdə xaricdəki qüvvələr də yardım edir. Bu kimi tədbirlərdə məqsəd Paşinyanın hakimiyyətini laxlatmaqdır. Paşinyan da hələlik onların fəaliyyətinə göz yumur. Çünki böyük qüvvələrin təsiri olduğundan Paşinyan onları tam olaraq məğlub etmək iqtidarında deyil. Düzdür, keşiş Qalstanyan və erməni separatçılarının xalq arasında böyük nüfuzları yoxdur. Bir neçə ay bundan öncə xeyli sayda insanı mitinqlərə cəlb edə bilmişdilər. Ancaq nəticə olmadı. Bu baxımdan Paşinyan Qərbin dəstəyilə hakimiyyətini qoruyub saxlayır".
Həmsöhbətimiz qeyd edib ki, Qarabağ separatçıları Ermənistanda hər hansı bir nüfuza sahib deyillər:
"Keçmiş Qarabağ separatçılarının Ermənistan daxilində heç bir nüfuzu yoxdur. Bu mənada onlar nə qədər çığırışlar etsə də, hansısa ciddi addım atacaqlarını gözləmirəm".
Lakin bununla yanaşı, belə hadisələr ekspertin fikrincə, sülh prosesinə mənfi təsir göstərir:
"Çünki Ermənistan daxilində sabitlik yoxdur. Digər tərəfdən, Ermənistan silahlandırılır. Bu isə region üçün təhdidlər yaratmaqda davam edir. Azərbaycan dövlət başçısı da qeyd etdi ki, Ermənistanın sürətlə silahlandırılması yaxşı proses deyil, sülh prosesinə ziyan vurur. Ermənistan cəmiyyəti və hakimiyyəti hazırda sülh prosesinə hazır deyil".
Qeyd edək ki, sentyabrın 2-də İrəvanda Qarabağ separatçıları, erməni radikal-revanşistlər mövcud olmayan "Artsax”ın "müstəqilik günü"nü qeyd etməyə hazırlaşırlar. Keşiş Baqrat Qalstanyan artıq "qara gün"lə bağlı çağırış da edib. Həmin gün o, həmvətənlərini "artsaxın İrəvan nümayəndəliyi"nin önünə dəvət edib. Bu da onu göstərir ki, Ermənistanda hələ də belə qanunsuz qurumun qondarma "nümayəndəliyi" fəaliyyət göstərir.
Aydın məsələdir ki, separatçılara belə şəraiti yaradan Ermənistan hakimiyyətidir. Onların icazəsi olmadan separatçılar heç nə edə bilməzlər. Maraqlıdır, Paşinyan bir tərəfdən Qarabağı Azərbaycanın tərkib hisəsi kimi tanıdığını bəyan edir, digər tərəfdən isə separatçılara qucaq açır. Paşinyan vaxtilə hətta bəyan etmişdi ki, "artsax institutları"nın İrəvanda mövcudluğu Ermənistanın təhlükəsizliyi üçün təhdiddir. Aydın məsələdir ki, separatçıların bu sayaq hərəkətləri və rəsmi İrəvanın onlara yaşıl işıq yandırması istər-istəməz sülh prosesinin irəliləməsinə ciddi maneədir.
Rüfət Sultan