Avqustun 31-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Milli Məclisə keçiriləcək seçkiləri izləmək üçün ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasının (MDB PA) beynəlxalq müşahidəçilər qrupunun koordinatoru Andrey Yatskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bizim.Media xəbər verir ki, görüşdə MSK-nın sədri növbədənkənar parlament seçkilərində 6 milyon 421 min 960 vətəndaşın özünün səsvermə hüququndan istifadə edə biləcəyini deyib. Bildirib ki, Milli Məclisə seçkilərdə 990 namizəd mübarizə aparır və onların sərbəst seçkiqabağı təşviqatı üçün qanunvericiliyin tələblərinə uyğun bütün imkanlar yaradılıb. O, namizədliyi qeydə alınan 305 nəfərin 25 siyasi partiyanın nümayəndəsi olduğunu diqqətə çatdırıb. MSK sədri qeyd edib ki, seçkilərin müşahidəsinə 598 beynəlxalq və 112 mindən artıq yerli müşahidəçi qoşulub. Bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində səsvermə günü prosesləri heç bir qeydiyyat tələb olunmadan, birbaşa və fasiləsiz müşahidə etmək üçün veb-kamera quraşdırılıb. Ölkədə 6478 seçki məntəqəsinin yaradıldığını qeyd edən M.Pənahov onlardan 6343-nün daimi, 135-nin isə müvəqqəti fəaliyyət göstərdiyini deyib. Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 2471 məntəqədə fiziki məhdudiyyətli şəxslər üçün pandusların quraşdırıldığını deyən M.Pənahov əlavə edib ki, həmçinin səsvermədə iştirak edəcək gözdən əlillər üçün trafaretlər hazırlanıb. M.Pənahov, eyni zamanda, növbədənkənar parlament seçkiləri ilə əlaqədar “exit-poll” keçirmək üçün üç təşkilatın müraciət etdiyini vurğulayıb. O, Milli Məclisə seçkilərin ilk dəfə Azərbaycanın bütün suveren ərazilərində keçiriləcəyini və seçki iştirakçılarına hərtərəfli şəraitin yaradıldığını bildirib. MSK sədri qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə səsvermə hüququna malik 42 mindən artıq seçicinin öz konstitusion hüquqlarını reallaşdırmaları üçün 54 seçki məntəqəsi yaradılıb. Müşahidə missiyasının koordinatoru Andrey Yatskin öz növbəsində MSK-dakı səmimi görüşə görə nümayəndə heyəti adından təşəkkürünü bildirib, Milli Məclisə növbədənkənar seçkilərin müşahidəsində iştirak etməkdən məmnun olduğunu qeyd edərək prosesləri fəal şəkildə izləyəcəklərini vurğulayıb. MDB PA-nın Azərbaycan Milli Məclisi ilə münasibətlərinin yaxşı səviyyədə olduğunu diqqətə çatdıran qonaq ölkədə növbədənkənar parlament seçkilərinə hazırlıq prosesini yüksək qiymətləndirib. Görüş çərçivəsində, həmçinin seçkilərlə bağlı müxtəlif məsələlər ətrafında fikir mübadiləsi və müzakirələr aparılıb. Bizim.Media