Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyası (MDB PA) Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın dəvətinə əsasən Birliyin 6 dövlətini təmsil edən 40 müşahidəçinin daxil olduğu nümayəndə heyətini formalaşdırıb. Bütün müşahidəçilər hazırda Azərbaycandadır, həm Bakıda, həm də ölkənin regionlarında fəaliyyət göstərirlər. Bizim.Media xəbər verir ki, bu sözləri jurnalistlərə MDB Parlamentlərarası Assambleyasının beynəlxalq müşahidəçilər qrupunun koordinatoru Andrey Yatskin Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşdən sonra deyib. Sabah qrupun Bakıda və Azərbaycanın bölgələrində seçki məntəqələrinin açılmasında iştirak edəcəyini diqqətə çatdıran Yatskin artıq görülən işlər barədə də məlumat verib. Koordinator deyib: “Biz həm uzunmüddətli, həm də qısamüddətli monitorinq aparmışıq. Uzunmüddətli monitorinqdə MDB PA-nın ekspertləri iştirak ediblər. Onlar bildirirlər ki, Azərbaycan qanunvericiliyi parlamentə - Azərbaycan Respublikası Milli Məclisinə zəmanətli növbədənkənar seçkilər keçirməyə imkan verir. Həmin nəticə bu gün Konstitusiya Məhkəməsinin sədrinə və Mərkəzi Seçki Komissiyasının sədrinə təqdim etdiyimiz rəydə də öz əksini tapıb”. Onun sözlərinə görə, bütün mövcud normativ bazanı, o cümlədən beynəlxalq hüquqi bazanı xarakterizə edən hesabat da var. “Bizim işimiz MDB Parlamentlərarası Assambleyasının Konvensiyasına əsaslanır. Onun əsas prinsipləri qərəzsizlik, obyektivlik, daxili işlərə qarışmamaq və Azərbaycan Respublikasının suverenliyinə hörmətdir. MDB PA müşahidəçilərinin bütün fəaliyyəti məhz bu əsasda qurulub”, - deyə Andrey Yatskin əlavə edib. Bizim.Media