Digər

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi GLOBSEC 2024-ün institusional tərəfdaşı olub

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) nümayəndə heyəti Çex Respublikasının paytaxtı Praqada keçirilən GLOBSEC 2024-də iştirak edir. Bu barədə Bizim.Media-ya BMTM-dən məlumat verilib. Bildirilib ki, BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev avqustun 31-də forum çərçivəsində baş tutan “Daha yaxın əlaqələr qurulması: Avropa İttifaqı tərəfdaşları ilə ticarət, inkişaf və enerji təhlükəsizliyi əlaqələrinin balanslaşdırılması” mövzusundakı sessiyada çıxış edib. Ukrayna və Yaxın Şərqdəki böhranlar çərçivəsində beynəlxalq münasibətlərin son dövrlərdə daha kompleks xarakter aldığını qeyd edən Fərid Şəfiyev bildirib ki, cari geosiyasi vəziyyət Xəzər regionu ölkələrinə də təsirsiz ötüşmür. Onun sözlərinə görə, bəzi hallarda avropalı siyasətçilər Azərbaycan və Xəzər regionu dövlətlərindən sözügedən böhranlara qarşı öz perspektivlərindən yanaşaraq lokal baxış tələb edirlər. “Lakin məsələlərə realist mövqedən yaxınlaşmaq daha düzgün yanaşma olardı”, - deyə F.Şəfiyev qeyd edib. O, enerji, nəqliyyat və logistika istiqamətlərində əməkdaşlıq məsələlərinə də toxunub. Azərbaycanın alternativ enerjinin inkişafına xüsusi önəm verdiyini diqqətə çatdıran BMTM-in İdarə Heyətinin sədri Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətlərinin yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq sazişinin Avropanın enerji təhlükəsizliyinə töhfə verəcəyini bildirib. Bununla yanaşı, F.Şəfiyev ənənəvi enerji mənbələrindən tamamilə imtina etməyin də düzgün strategiya olmadığını diqqətə çatdırıb. Şimal və Qırmızı dəniz istiqamətindəki böhranlar fonunda Orta Dəhlizin əhəmiyyətini artırdığını deyən BMTM-in İdarə Heyətinin sədri qeyd edib ki, Azərbaycan bu dəhlizin inkişafı ilə bağlı mühüm işlər görür. Lakin bu layihənin inkişafı üçün digər tərəfdaşların da investisiya yatırması şərtdir. Qeyd edək ki, BMTM GLOBSEC 2024-un institusional tərəfdaşı olub. Belə ki, BMTM və GLOBSEC-in birgə təşkilatçılığı ilə “COP29 və Yaşıl Üfüqlər: İqlim Dəyişikliyinin İdarə edilməsi” mövzusunda birgə panel iclasın təşkil edilməsi nəzərdə tutulub. Azərbaycanın energetika nazirinin müavini və COP29-un baş icraçı direktoru Elnur Soltanovun sentyabrın 1-də paneldə çıxış etməsi gözlənilir. Xatırladaq ki, GLOBSEC 2024 Avropanın xarici və təhlükəsizlik siyasəti sahəsindəki liderləri, dövlət başçıları, sahibkarları, həmçinin beynəlxalq təşkilatlar, beyin mərkəzləri və akademik çevrələrin nümayəndələrini bir araya gətirən illik forumdur. Bizim.Media