Siyasət

BRİCS-ə yolumuz deyəsən, gerçək olur?..

Bu il oktyabrda Kazanda keçiriləcək sammitdə Azərbaycan hətta BRİCS-ə tam hüquqlu üzv olmasa da, çox yüksək status alacaq - əksər siyasi təhlil adamları indi belə düşünür, baxmayaraq ki, qeyd etdiyimiz qurum hələ olduqca amorf bir təsisatdır və bilinmir ki, o, real olaraq özündə nəyi ehtiva edir? Bu, geosiyasi qurumdur, yoxsa geoiqtisadi?  Bütün hallarda, hiss olunur ki, təkcə Bakının yox, hətta Moskvanın da bu xüssusda niyyəti çox ciddidir – belə hesab olunur ki, Rusiya prezidenti Vladimir Putinin Bakıya son sərəfi zamanı da müzakirə olunan əsas predmetlərdən biri də bu olub.  Üstəlik, son vaxtlarda Rusiya təmsilçiləri yorulmadan bəyan edirlər ki, ölkələri Bakının BRİCS-ə üzvlüyünü dəstəkləyir və dəstəkləyəcəkdir... Biz bu haqda artıq çox yazmışıq – rusca da, azərbaycanca da. Odur ki, bir daha köhnə məqamlara qayıtmayacağıq. Azərbaycan nə qazanacaq?  Əlbəttə ki, böyük dövlətlərin hansısa bir böyük formatında təmsil olunmaq tamamilə səmərəsiz addım da deyil – bütün hallarda, biz yeni "dostlar” və bəlkə də elə həqiqətən də dostlar (bu dəfə dırnaqsız!) qazanacağıq. Amma istisna deyil ki, düşmən olmasa da, rəqib də qazanaq. Üstəlik, Rusiyanın daha bir geosiyasi layihəsinə imza atırıq və ümid edirik ki, bu, bir müddət (ən azı!) Kremlin ağzını yumacaq. Ən başlıcası isə, burada başqa bir ciddi məqam da var: KTMT-yə, Avrasiya İqtisadi Birliyinə, Şanxay Əməkdaşlıq Təşkilatına və nəhayət, BRİCS-ə üzv olsaq da, olmasaq da, nə Avropa İttifaqına, nə də NATO-ya üzv olası deyilik və bizim rəsmilər bunu dəfələrlə rəsmi olaraq bəyan ediblər – hələ mümkündür ki, bir gün Avropa Şurasını tərk edək, ya da Şura özü bizə qapıları göstərsin! Bunu ona görə deyirik ki, reallıq budur: Azərbaycan bir neçə səbəbdən Avropadan imtina etdi, baxmayaraq ki, iqtisadi əlaqələrimizin çoxu bu Qitənin ölkələrilə bağlıdır, neftimizi və qazımızı daha çox onlara satırıq. Səbəblərə gəldikdə isə, Bakı qonşu Rusiyanın milli-geosiyasi maraqlarını (daha doğrusu, tələblərini!) nəzərə almaq məcburiyyətindədir, əks təqdirdə, keçmiş Dağlıq Qarabağı və digər işğal olunmuş ərazilərimizi qaytara bilməzdik – gəlin bunu açıq etiraf edək.  İkincisi, Azərbaycanın daxili siyasi reallıqları var və bunlar da geosiyasi partnyor seçimində heç də az rol oynamır.  Üçüncüsü, Avropanın özü ilə bağlı da çox ciddi və düşündürücü məqamlar az deyil – təkcə ona görə yox ki, Qoca Qitə bizə heç də isti yanaşmır (yumşaq şəkildə desək!), həm də ona görə ki, bizi Avropa ilə ayıran etno-psixoloji və etno-mədəni uçurumlar getdikcə dərinləşir. Biz bu haqda da çox yazmışıq. Ona görə də təkrara ehtiyac yoxdur. Sadəcə, ona qeyd edək ki, hətta bu günə qədər Avropaya inteqrasiya etmək üçün dəridən–qabıqdan çıxan qonşu Gürcüstan da indi istiqaməti dəyişməyə cəhd edir. Əlbəttə, bu, haradasa, 80 faiz B.İvanişvilinin siyasi dəstəsinin özəl maraqları ilə bağlı məsələdir. Amma səbəb təkcə budurmu?..  Düşünürük ki, yox. Gürcüstanda pravoslav dinini dövlət dini elan edib bununla da öz milli identikliklərini daha çox qorumaq planları var – bəli, kiçik Gürcüstan da özünü hifz etmək istəyir, məsələn, "seksual azlıqların paradlarının keçirildiyi məkan” olmaq istəmir. Bəli, Avropa çox ziddiyyətli durumdadır. Əsrin əvvəlində A.Şpenqler "Avropanın qürubu” adlı əsər yazmışdı. Onun öncəgörmələri prinsipcə, doğruldu – ötən əsrin birinci yarısında Avropa böyük faciələr yaşadı, faşizmi, başqa totalitar utopiyaları gördü, insanların diri-diri sobalarda yandırılmasının, qaz kameralarında boğdurulmasının şahidi oldu. Amma böyük Qitə lap Feniks oddan yenidən doğula bildiyi kimi təzədən doğula bildi, ayağa durdu və ən başlıcası, mədəniyyət cərgəsində yenidən öndə oldu. İndi Qitə növbəti əxlaqi-mənəvi deqradasiya yaşayır. Əslində biz bunu da faşizmə bərabər tuturuq, çünki faşistlər də "Ənənəvi əxlaqı, dəyərləri ayaqlayın, öz "əxlaq”ınızı yaradın” deyirdilər. Ümid edək ki, bu illüziyanın da sonu gələcək və o vaxt bizim yeni nəsillər yenidən Böyük və Qoca Qitəyə üz tutacaqlar...   Hüseynbala Səlimov