Siyasət

Ermənistanın 10-cu paketi: COP29 ərəfəsində hansısa sənədə imzalana bilər?

"Ola bilsin COP29 ərəfəsində hansısa sənədə qol çəkilsin". Qaynarinfo-ya açıqlamasında bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov İrəvanın sülh müqaviləsi üzrə 10-cu paketi Azərbaycana təqdim etdiyi barədə məlumatı şərh edərkən deyib:  "Burada söhbət ilkin sülh sazişindən gedir. Bu da daha çox gələcək danışıqların çərçivə sazişidir. Onun da əsasında Azərbaycan tərəfindən 2021-ci ilin fevralında irəli sürülən prinsiplər dayanır. Hazırda belə bir fikir formalaşıb ki, oradakı bəzi bəndlər barədə razılıq əldə olunub. Ona görə də razılıq əldə olunan bəndlərlə bağlı imzalanmanın əldə edilməsi fikri mövcuddur", deyə Tofiq Zülfüqarov bildirib.   Sabiq nazirin fikrincə, bundan sonra da digər istiqamətlər üzrə prinsiplərlə bağlı danışıqlar davam etdiriləcək: "Yəni burada hansısa öhdəliklər yoxdur. Sadəcə olaraq bir çərçivə formalaşır və onun əsasında da gələcəkdə danışıqlar gedəcək. Razılıq əldə olunmayan bəndlərin çıxarılması fonunda mümkün olsa, yerdə qalan 4 bəndə qol çəkiləcək. Bilirsiniz ki, ABŞ da tərəfləri bu bu məsələnin həllində tələsdirir. Dövlət katibi Entoni Blinken prosesə qoşulub. Ola bilsin, COP29 ərəfəsində hansısa sənədə qol çəkilsin. Bu, istisna deyil". Qeyd edək ki, Ermənistan mətbuatının yazdığına görə, İrəvan sülh müqaviləsi üzrə 10-cu paketi Azərbaycana təqdim edib. Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib. Rüfət Sultan