2 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan Serbiya Respublikasının xarici işlər naziri Marko Curiç ilə görüşüb. XİN-dən Bizim.Media-ya verilən xəbərə görə, tərəflər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
Nazir Ceyhun Bayramov ölkələrimiz arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin inkişafında ali və yüksək səviyyəli qarşılıqlı səfərlər, siyasi dialoq və parlamentlərarası əlaqələrin dinamizminin mühüm rol oynadığını qeyd edib. Ali səviyyəli təmaslar çərçivəsində əsası qoyulmuş Azərbaycan-Serbiya Strateji Tərəfdaşlıq Şurasının yaradılmasının əhəmiyyəti vurğulanıb. Strateji tərəfdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində imkanların müzakirəsi baxımından siyasi məsləhətləşmələr mexanizmindən istifadənin vacibliyi qeyd olunub. Ölkələrimizin nümunəvi ikitərəfli münasibətlər dinamikasının regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və həmrəylikdə özünü biruzə verdiyi məmnunluqla qeyd edilib.
Humanitar, o cümlədən təhsil, elm və mədəniyyət sahələrində əlaqələrinin inkişaf etdirilməsi, habelə ölkələrimiz arasında vizasız gediş-gəliş rejiminin tətbiqinin xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına töhfə verdiyi qeyd olunub. Azərbaycanın Şuşa və Serbiyanın Novıy Bazar şəhərlərinin qardaşlaşması təcrübəsinin davam etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi çərçivəsində əməkdaşlıq üçün yeni imkanların yarandığı bildirilib. Nazir Ceyhun Bayramov həmçinin həmkarını postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, bu fəaliyyətə hədə törədən mina təhdidi barədə ətraflı məlumatlandırıb. Serbiya şirkətləri və sərmayədarları Qarabağ və Şərqi Zəngəzur regionlarında aparılan bərpa və yenidənqurma fəaliyyətlərində aktiv iştirak etməyə dəvət olunublar. Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesindən bəhs edən nazir Ceyhun Bayramov, xüsusilə delimitasiya prosesində əldə olunan irəliləyişlər daxil olmaqla, sülh gündəliyinin irəlilədilməsi istiqamətində inkişafların mövcud olduğunu, lakin buna baxmayaraq, Ermənistan Konstitusiyası daxil olmaqla, bu ölkənin bir sıra qanunverici aktlarında ölkəmizə qarşı ərazi iddialarının davam etdirilməsinin, digər tərəfdən isə Ermənistanın sürətlə silahlanmasının sülh prosesinə maneə törətdiyini diqqətə çatdırıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdən sonra ADA Universiteti və Serbiya Respublikasının Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası arasında Anlaşma Memorandumunun imzalanma mərasimi baş tutub. Daha sonra, nazirlər görüşün yekunlarına dair keçirilmiş mətbuat konfransında bəyanatla çıxış edib, media nümayəndələrinin suallarını cavablandırıblar. Bizim.Media