Siyasət

Kazan sammitində BRİCS-ə yeni üzvlər qəbul ediləcək? - Konfliktoloq

"Kazan görüşündə heç bir ölkə BRİCS-ə üzv qəbul olunmayacaq". Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev BRİCS-in Kazan sammitində quruma yeni üzvlərin qəbul olunub-olunmayacağı məsələsinə toxunarkən deyib. "BRİCS təcrid siyasəti yeridən ABŞ və Avropa İttifaqına qarşı əks qütb kimi meydana gəlib. BRİCS dünyanın ən yüksək sürətlə inkişaf edən ölkələri özündə birləşdirən bir qurumdur. Qurum artıq özünü geosiyasi və geoiqtisadi aktor kimi göstərməyə başlayıb. Hazırda BRİCS-in üzvü olan ölkələr dünya əhalisinin 40 faizini, dünya iqtisadiyyatının isə 25 faizini özündə cəmləyib", deyə Üzeyir Şəfiyev bildirib. Həmsöhbətimiz deyib ki, mövcud vəziyyətdə BRİCS-ə üzv olmaq istəyən dövlətlərin sayı da çoxalır: "Bu fonda müraciət edən bir çox dövlətlər qurumun Kazan toplantısında üzvlüklə bağlı xoş xəbər alacaqlarına da ümid edirlər. Ancaq qurumun Kazan sammitində yeni üzvlərin qəbulu məsələsi gündəmə gəlməyəcək".  Ekspertə görə, indiki halda BRİCS-ə üzvlük istiqamətində addımların atılması tezdir:  "Bununla bağlı Rusiya prezidentinin köməkçisi Uşakov da deyib ki, Kazan görüşündə yeni dövlətlərin üzvlük məsələsinə baxılmayacaq. Çünki əslində onlarla tərəfdaşlıq statusu razılaşdırılıb. Hansı ki, bu status ona malik ölkələrə BRİCS-də qərar qəbul etmək imkanı vermir. Yalnız yaxın gələcəkdə ola bilsin onların üzvlük məsələsinə baxılsın. Lakin Kazan görüşündə bu gözlənilmir".  Qeyd edək ki, bu ilin 22-24 oktyabr tarixlərində Kazan şəhərində BRİCS təşkilatının XVI sammiti keçiriləcək. Sammitə BRİCS-ə üzv olmaq istəyən bir sıra digər dövlətlər də dəvət olunub.  BRICS müxtəlif qitələrin dörd dövləti - Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılıb. 2010-cu ildə Cənubi Afrika assosiasiyaya qoşulub. Daha dörd ölkə - BƏƏ, İran, Misir və Efiopiya isə bu ilin əvvəlində təşkilata üzv olub. Bundan əlavə, dünyanın 20-dən çox ölkəsi assosiasiyaya üzv olmaq üçün müraciət edib, onların arasında Azərbaycan və Türkiyə də var. Rüfət Sultan