Siyasət
Pənah Hüseynin təklif etdiyi yeni siyasi blokdan nə gözləmək olar? (ŞƏRH)
"İstefa verib, partiyanın fəaliyyətini dayandırıb yeni bir hərəkat və yaxud da blok yaratmaq uğurlu variant kimi qiymətləndirilə bilməz".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli Azərbaycan Xalq Ppartiyasının sədri Pənah Hüseynin yeni hərəkat yaradılması ilə bağlı təklifini şərh edərkən deyib.
Onun sözlərinə görə, istefa vermək, hətta istefa haqqında məsələni müzakirəyə çıxartmaq partiya sədrinin özünün hüququdur, onun hər hansı bir şərtlə əlaqələndirilməsi düzgün olmaz:
"Yeni bir blok və yaxud da hərəkat yaratmaq təklif kimi gözəldir. Amma təcrübə göstərir ki, son 30 ildə müxalifətin yaratdığı bloklar bəzən uzun ömürlü, bəzən isə qısaömürlü olur. Bu blok və yaxud da hərəkat siyasi təşkilatlara, siyasi həyata təsir göstərmək, siyasəti yönləndirmək imkanına malik deyil. Sadəcə olaraq yığışıb müəyyən məsələləri müzakirə edirlər, bəzi hallarda bəyanat verilir və ya hansısa bir sənəd qəbul olunur. Dəfələrlə belə hallar olub. Bu günə kimi yaranan blokların bəzilərinin adları belə insanların yaddaşında qalmayıb".
Siyasi şərhçi yaranacaq yeni blok və yaxud hərəkatdan hər hansı real nəticəni gözləmədiyini vurğulayıb:
"Mənə elə gəlir ki, partiya kimi fəaliyyətlərini davam etdirsinlər. Onlar partiya kimi blok yarada bilər".
HƏMÇİNİN BAX:
Azərbaycanda yeni siyasi birlik yaranır: Kimlər olacaq?
Qeyd edək ki, Azərbaycan Xalq Pariyasının sədri Pənah Hüseyn növbədənkənar parlament seçkilərindən sonra rəhbərlik etdiyi qurumun sədrlik postundan istefa verəcəyini və yaxın günlərdə partiyanın fəaliyyətinin dayandıracağını açıqlayıb. Sədr bunu siyasətdən getmək kimi deyil, daha aktiv siyasətlə məşğul olmaq kimi qiymətləndirdiyini bildirib. Pənah Hüseyn yeni bir müxalifət hərəkatının yaradılması təşəbbüsü ilə çıxış edib.
Bahar Rüstəmli