Siyasət
“Qara keşiş” yenə Azərbaycana qarşı “səlib yürüşünə” hazırlaşır – Nəticə nə olacaq?
"Qalstanyanın etiraz dalğası bu dəfə də nəticə verməyərək, dağılacaq”.
Qaynarinfo-ya açıqlamasında bunu Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə sentyabrda etiraz dalğasının növbəti mərhələsinə başlamağı düşünən erməni keşiş Qalstanyanın keçmiş prezidentlər Koçaryan və Sarkisyan, habelə separatçıların "üzvlərilə” görüşünü şərh edərkən deyib:
"Paşinyan hakimiyyəti ölkədə həm xalqın dəstəyini qazanıb, həm də müəyyən qədər hakimiyyətdə kök sala bilib. Bu prosesdə Qərbin dəstəyi də mühüm rol oynayıb. Keçmiş Qarabağ separatçılarının əməllərindən xalq artıq cana gəlib. Ona görə də onların korrupsioner rejimini istəmirlər. Separatçılar Qarabağ amilindən istifadə edib cəmiyyəti yalançı vətənpərvərlik arzuları ilə yaşatmaq istəyirdi. Ancaq bu baş vermədi. İkinci Qarabağ müharibəsindən sonra xalq gördü ki, həm Rusiyanın siyasi tabeliyində, həm də Sarkisyan, Koçaryan hakimiyyətində yaşamaq onların maraqlarına xidmət etmir. O baxımdan da Baqrat Qalstanyanın sentyabrda başlamaq istədiyi növbəti etiraz dalğasının uğur qazanması ehtimalı sıfra bərabərdir. Ancaq buna baxmayaraq, onlar zaman-zaman Paşinyan hökumətinə problem və maneələr yaradacaq. Qalstanyan kilsənin təsirindən də istifadə edir. Kilsə isə Ermənsitan daxilində güclüdür. Onlar müəyyən erməni lobbisi tərəfindən də dəstəklənir. Qalstanyan Rusiyadan da dəstək alır. Ona görə də sabiq rəhbərlər və keçmiş Qarabağ separatçılarını öz ətrafında bir yerə cəmləyib məqsədinə nail olmaq istəyir. Lakin Paşinyan hələ ki, ağıllı hərəkət edir. Etiraz dalğası bu dəfə də nəticə verməyərək, dağılacaq”.
Qeyd edək ki, sentyabrda olması gözlənilən növbəti etiraz aksiyasına hazırlaşan "vətən uğrunda Tavuş” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan Ermənistanın eks-prezidentləri Robert Köçəryan və Serj Sarkisyanla, eyni zamanda Qarabağdakı sabiq separatçı rejimin "üzvləri" ilə görüşüb.
Bu görüşün məqsədi Paşinyan hakimiyyətini devirməkdir. Bunun üçün də keşiş ölkənin keçmiş rəhbərlərindən dəstək almaq istəyir.
Rüfət Sultan