Bütün ermənilərin katolikosu II Qareginlə baş nazir Paşinyan deyəsən yenidən üz-üzə gəlməli olacaqlar. Belə ki, II Qaregin respublikanın ali siyasi rəhbərliyinin nümayəndələrini sentyabrın 29-da Eçmiədzində keçiriləcək mərasimə dəvət edib. Lakin baş nazir Nikol Paşinyan və prezident Vaaqn Xaçaturyan mərasimdə iştirak edib-etməyəcəyi ilə bağlı hələlik heç bir cavab verməyib.
Qeyd edək ki, II Qareginlə Paşinyan arasında soyuqluq 2018-ci ilin “məxməri inqilab”ından sonra yaranıb. 2020-ci ilin noyabrında Ermənistanın 44 günlük müharibədə sarsıdıcı məğlubiyyətindən sonra isə Paşinyanla kilsə arasında qarşıdurma daha kəskin xarakter almağa başlayıb. Buna da səbəb müharibənin bitməsindən bir ay sonra II Qareginin Nikol Paşinyanı istefaya çağırması olub. Hökumətin Erməni Apostol Kilsəsinə vergi sistemi tətbiq etməsi də münasibətləri korlayıb. O vaxtdan bəri katolikos və baş nazir ümumiyyətlə əlaqə saxlamayıb və rəsmi tədbirlərdə birgə iştirakdan yayınıblar. Artıq onlar arasında münasibətlər qarşılıqlı nifrət həddinə çatıb. Hətta Ermənistan hakimiyyətində şübhə etmirlər ki, keşiş Baqrat Qalstanyanın bu ilin aprelində başladığı etiraz aksiyalarının arxasında dayanan da məhz katolikos II Qaregindir. Hansı ki, keşişin rəhbərliyilə etirazçılar sentyabrda növbəti aksiyalara başlamaq niyyətindədirlər. Paşinyanla II Qaregin arasında gərginlik nə ilə yekunlaşacaq? Mövzu ilə bağlı Bizim.Media-ya açıalama verən politoloq Abutalıb Səmədovun fikrincə, Paşinyan Eçmiədzindəki mərasimə qatılmayacaq və katolikosa yerini göstərmək üçün sadəcə öz nümayəndəsini göndərməklə kifayətlənəcək: “Paşinyan hökumətinin II Qareginə münasibəti aydındır. Ermənilərin dini rəhbəri Paşinyanın devrilməsi üçün əlindən gələni etməyə hazırdır. II Qaregin açıq və gizli şəkildə Baqrat Qalstanyana hər cür yardım göstərir. Üstəlik Paşinyan erməni dini lideri yerində otuzdurtmaq üçün bir sıra addımlar da atıb. Ümumiyyətlə, katolikosun erməni cəmiyyətindəki rolu Paşinyanı qətiyyən qane etmir. Paşinyan onu hakimiyyət üçün təhlükə hesab edir”. Ekspert düşünür ki, Paşinyan erməni dini rəhbərin Ermənistan siyasətində çəkisinin azalmasına çalışır: “Bu səbəblərdən Paşinyan hökuməti həmin mərasimdə iştirak etməyəcək. Ağıllı siyasətçidirsə, iştirak etməməlidir. Çünki katolikosun təşkil etdiyi tədbirdə Paşinyanı yaxşı heç nə gözləmir. Həmin tədbirin keçirilməsinə nəzarəti hökumət öz əlinə ala bilsə, təbii ki, Paşinyan da orada olacaq. Ancaq nəzərə alsaq ki, tədbiri Paşinyanla ziddiyyətləri olan katolikos təşkil edir, belə vəziyyətdə erməni baş nazirin orada olması məqsədəuyğun sayıla bilməz. Güman edirəm ki, Paşinyan orada iştirak etməyəcək”. Amma həmsöhbətimiz Paşinyanın tədbirə nümayəndəsini göndərəcəyinə əmindir: “Amma özü olmasa da, tədbirə nümayəndəsini göndərəcək. Bu addım isə katolikosun çəkisinin azalmasına, ona yerinin göstəriməsinə xidmət edəcək. Əks halda münasibətlərin daha da gərginləşməsi üçün katolikosun müəyyən davranışlar sərgiləyəməsi tamamilə mümkündür”. Rüfət Sultan, Bizim.Media