Siyasət

Serdar Kılıçın Moskva, ardınca da Bakıya səfərlərinin məqsədi nədir? (ŞƏRH)

"Bakı və İrəvan arasında Ermənistanda konstitusiya dəyişikliyindən əvvəl, yaxud sonra çərçivə sazişinin imzalanması ilə bağlı yaranan fikir müxtəlifliyini aradan qaldırmaq üçün hansısa konsensus tapmaq üzərində iş gedir".  Bunu Qaynarinfo-ya açıqlamasında "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Türkiyənin Ermənistanla münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi Serdar Kılıçın keçən həftə Moskva, ardınca da Bakıya olan səfərlərinin məqsədi barədə danışarkən deyib. Mehman Əliyev bildirib ki, Ermənistan və Azərbaycan oktyabrda çərçivə sazişi imzalamağa çalışır: "ABŞ, Fransa, Niderlandın son zamanlar verdiyi bəyanatlar, habelə Rusiya prezidenti Volodimir Putinin Bakıya gəlişi və ondan sonrakı danışıqlar onu göstərir ki, beynəlxalq tərəflər Azərbaycanla Ermənistanı sülh sazişini imzalamaq üçün tələsdirir. Onlar çalışır ki, oktyabrda hansısa bir çərçivə sülh sazişi imzalansın. Ona görə də proses indi hərtəfəfli şəkil alıb.  Ermənistan və Azərbaycan rəsmilərinin bəyanatları da göstərir ki, tərəflər ortada qalan problemin hansısa bir həlli barədə işləyir və tələsirlər. İş ondadır ki, Azərbaycanın mövqeyi kifayət qədər sərtdir. Azərbaycan bildirir ki, əvvəlcə Ermənistan konstitusiya dəyişikliyi etsin, sonra saziş bağlansın. Ermənilər isə konstitusiya dəyişikliyinə 2026-2027-ci ildə gedə biləcəklərini deyir. Belə olanda Bakı tam haqlı olaraq həmin məqamın hansısa formada təsdiqlənməsilə zəmanət istəyir ki, Ermənistanda konstitusiya dəyişikliyi həqiqətən də baş versin. Ona görə də hazırda tərəflər arasında yaranan bu fikir müxtəlifliyini aradan qaldırmaq üçün hansısa konsensus tapmaq, bir araya gəlmək üzərində iş gedir".  Qeyd edək ki, Türkiyənin Ermənistanla münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç keçən həftə qısa müddətdə ardıcıl olaraq iki ölkəyə səfər edib. O, sentyabrın 11-də Moskvada olub və burada Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşüb. Sentyabrın 13-də isə Kılıç Bakıya səfərə gəlib. Burada o, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşərək, danışıqlar aparıb.  Rüfət Sultan