Dünya

"Hizbullah" liderlərindən birinin İsrailin hücumu nəticəsində öldüyünü təsdiqlədi

Livanın "Hizbullah" hərəkatı İsrailin Beyrut kənarındakı hava hücumlarında komandanlığının yüksək rütbəli üzvü İbrahim Aqilin həlak olduğunu təsdiqləyib.  Qaynarinfo xəbər verir ki, "Hizbullah"ın bəyanatını "Əl-Mayadeen" yayıb.  Bəyanatda deyilir ki, İbrahim Aqil "cihad, iş, yaralar, fədakarlıqlar, təhlükələr, sınaqlar, nailiyyətlər və zəfərlərlə dolu mübarək bir həyatdan sonra şəhid liderləri olan qardaşlarının yürüşünə qatılıb". Bundan əvvəl "Axios" İsrail rəsmisinə istinadən xəbər verib ki, hücumda hərəkatın liderlərindən 20-yə yaxın adam həlak olub. İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Daniel Həcəri avqustun 20-də İbrahim Aqilin Beyruta endirilən zərbə nəticəsində öldürüldüyünü bildirib: "Hizbullah" komandanlığı Dahiya bölgəsindəki yaşayış binasının altındakı yeraltı sığınacaqda toplaşaraq, mülki şəxslərdən canlı qalxan kimi istifadə ediblər". Daniel Həcəri bildirib ki, İbrahim Aqil oktyabrın 7-də HƏMAS terror hücumuna bənzər İsrailə hücum planlaşdırırmış. Onun sözlərinə görə, İbrahim Aqilin hədəfi İsrailin şimalı olub. "Qalileyanı ələ keçirmək" planına HƏMAS-ın oktyabrın 7-də etdiyi kimi, İsrailə sızmaq, Qalileyanın məskunlaşmış ərazilərinə nəzarəti ələ keçirmək, mülki İsrail vətəndaşlarını öldürmək və qaçırmaq daxil olub. O, çoxsaylı terror aktları və İsrailə hücum cəhdləri təşkil edib. "İbrahim Aqil böyük miqdarda qan tökülməsinə və bir çox günahsız mülki insanın ölümünə görə məsuliyyət daşıyırdı", deyə Daniel Həcəri bildirib. İDF-nin məlumatına görə, İbrahim Aqil "Hizbullah"ın hərbi əməliyyatlarına rəhbərlik edib və Radvan daxilində elit bölmənin komandiri vəzifəsini icra edib. 2023-cü ildə ABŞ Dövlət Departamenti İbrahim Aqilin yeri və yaxalanması ilə bağlı məlumat üçün 7 milyon dollar mükafat elan edib. Aydın