Siyasət
Məmmədovla Mirzoyanın Nyu Yorkda görüşü baş tutarsa… (ŞƏRH)
"Görüş mümkündür. Lakin onun praktik əhəmiyyəti, danışıqlara təsiri o qədər də yüksək olmayacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov Nyu Yorkda səfərdə olan Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşməsi ehtimalından danışarkən deyib.
"Görüşün olacağını istisna etmək olmaz. Sonuncu görüş də Vaşinqtonda baş tutub. Amma heç bir nəticəsi olmayıb. Hazırkı dövrdə Azərbaycan Ermənistan münasibətlərində əsasən pozitiv dinamika var. Pozitiv dinamika da sərhəd məsələsilə bağlı fəaliyyət göstərən kommisiyaların fəaliyyətlərinin reqlamentinin qəbul olunması ilə bağlıdır", deyə Fərhad Məmmədov bildirib.
Həmsöhbətimiz qeyd edib ki, digər sahələrdə isə hər hansı bir pozitiv dinamika mövcud deyil:
"Ona görə görüş mümkündür. Lakin onun praktik əhəmiyyəti, danışıqlara təsiri o qədər də yüksək olmayacaq. ABŞ çalışır ki, hər hansısa bir formada danışıqlara təkan versin. Azərbaycanın mövqeyi odur ki, Ermənistan konstitusiyasında Azərbaycana ərazi iddiaları mövcud olduğu bir dövrdə sülh sazişinin imzalanması qeyri-mümkündür".
Fərhad Məmmədovun fikrincə, digər sahələr üzrə, yaxud da münasibətlərin prinsipləri üzrə hər hansısa bir xüsusi sənəd imzalana bilər:
"ABŞ öz fəallığını sülh sazişi deyil, məhz belə sənədlərin hazırlanıb imzalanmasına yönəltsə, qısa zamanda növbəti, kiçik də olsa pozitiv addımların şahidi ola bilərik".
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının 79-cu sammitində iştirak etmək üçün Azərbaycan xarici işlər naziri Ceyhun Məmmədov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan artıq Nyu Yorkdadırlar. Onların burada görüşüb-görüşməyəcəklərilə bağlı hər hansı bir rəsmi fikir bilririlməyib. Amma belə bir görüşün ola biləcəyi ehtimalı da istisna edilmir. Ən azından ABŞ dövlət katibi Entoni Blinken tərəfləri növbəti dəfə ABŞ-da görüşə çağırıb.
Rüfət Sultan