Dünya
Peter Stanonun Ermənistanla bağlı açıqlaması yeni hadisə deyil (ŞƏRH)
"Qərb İrəvanın Moskva ilə bağlarının tamamilə qırılmasında maraqlı olacaqsa, belə faktlar ictimailləşdiriləcək”.
Qaynarinfo-ya açıqlamasında bunu politoloq Taleh Əliyev Avropa Şurasının Xarici Siyasət Xidməti nümayəndəsi Peter Stanonun Avropa İttifaqının Ermənistandan Rusiyaya sanksiya qoyulmuş malların tədarükü məsələsini araşdırdığı barədə bəyanatını şərh edərkən deyib:
"Avropa İttifaqı Ermənistandan Rusiyaya sanksiya qoyduğu malların tədarük edildiyi məsələsini çoxdan bilir. Bu mənada Peter Stanonun açıqlaması yeni hadisə deyil. Demək olar ki, sanksiyaya məruz qalan malların ilk partiyası hələ Ermənistandan Rusiyaya göndərilməmişdən öncə Aİ bu barədə məlumata malik olur. Nəzərə alaq ki, uzun müddətdir Ermənistanda Aİ-nin mülki müşahidə missiyası fəaliyyət göstərir. Hansı ki, onun da əsas kontingenti Aİ ölkələrinin keçmiş xüsusi xidmət orqanlarının əməkdaşlarıdır. Həmin səbəbdən Ermənistandan Rusiyaya sanksiyaya düşən malların daşınması məsələsi Aİ üçün heç də yeni deyil”.
Ekspertin fikrincə, Aİ Ermənistanın bu hərəkətilə bağlı sonda rəsmi sənəd yayacaqsa, o anlama gələcək ki, sözügedən təşkilat artıq həmin malların İrəvandan Rusiyaya tədarükündə maraqlı deyil:
"Ona görə də həmin məsələni ictimailləşdirərək, o malların Ermənistan üzərindən Rusiyaya daşınmasının qarşısını almağa çalışır. Qərb İrəvanın Moskva ilə bağlarının tamamilə qopmasında maraqlı olacaqsa, belə faktlar ictimailləşdiriləcək. Amma araşdırma ilə bağlı ortaya hər hansı bir nəticə çıxmayacaqsa, deməli, belə daşımalara hələ də Aİ göz yummaqda davam edəcək”.
Həmsöhbətimizə görə, İrəvanın Rusiyaya sanksiyalardan yayınmaqda kömək etməsi barədə faktların təsdiqini tapması heç bir halda Aİ ilə Ermənistan arasında münasibətlərin gərginləşməsinə gətirib çıxarmayacaq:
"Əksinə, bu Aİ ilə Paşinyan hakimiyyətinin birgə əməkdaşlığı ilə sanksiyaya məruz qalan malların Ermənistan üzərindən Rusiyaya daşınmasının qarşısını almağa siyasi və hüquqi əsas verəcək”.
Qeyd edək ki, Avropa Şurasının Xarici Siyasət Xidmətinin rəsmi nümayəndəsi Peter Stano Avropa İttifaqının (Aİ) Ermənistandan Rusiyaya sanksiya qoyulmuş malların tədarükü məsələsini araşdırdığını bildirib.
P. Stanonun sözlərinə görə, Avropa İttifaqı sanksiya tətbiq olunmuş malların Aİ-dən üçüncü ölkələrə və üçüncü ölkələrdən Rusiyaya ticari axınlarını diqqətlə izləyir.
"Ermənistan kontekstində biz həqiqətən müəyyən anormal ticari axınlar müşahidə etmişik. Biz bu məsələni nəzərdən keçiririk və Ermənistan hakimiyyəti ilə dialoqdayıq", - o deyib.
Xatırladaq ki, Rusiyaya sanksiyalardan yayınmaqda kömək edən ölkələr sırasında Ermənistanın da adı yer alıb.
Rüfət Sultan