Siyasət
Pənah Hüseyn: “Mən heç yerdə deməmişəm ki, istefa verəcəyəm”
Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn növbədənkənar parlament seçkilərinin nəticələrindən narazı qaldığı üçün sədrlikdən istefa verəcəyini açıqlamışdı. Bundan başqa, sədr bildirmişdi ki, məsələ yaxın zamanda partiyanın idarə heyətində müzakirəyə çıxarılacaq və ondan sonra qərar verəcək.
Pənah Hüseyn bu qərarlarının məqsəd və məramını da açıqlamışdı. "Mən siyasətdən getmirəm, əksinə sədrlikdən getməklə siyasətlə fəaliyyətimi daha da genişləndirmək, daha da fəal olmaq üçün atılacaq addım hesab edirəm. İndi idarə heyətinin üzvləri nə deyəcək bilmirəm, onu zamanla görəcəyik”, deyə sədr bildirmişdi.
Bəs, Pənah Hüseynin istefa qərarı partiyada müzakirə olunubmu?
Pənah Hüseyn Qaynarinfo-ya açıqlamasında bildirib ki, partiyanın idarə heyətinin iclası sentyabrın 29-da keçiriləcək:
"Mən heç yerdə deməmişəm ki, istefa verəcəyəm. Demişəm ki, müəyyən məsələlər var, partiyanın idarə heyətində müzakirə olunmalıdır”.
AXP-dən namizədliyini irəli sürən Əvəz Temirxan Qaynarinfo-ya açıqlamasında Pənah Hüseynin istefasının tərafdarı olmadığını vurğulayıb:
"Mən partiyanın işinə qarışa bilmərəm. Onların hər bir qərarına hörmət bəsləyirəm. İstefa çıxış yolu deyil, Pənah bəy getməsə daha yaxşıdır”.
Bahar Rüstəmli