Digər

“Aqrar Sığorta” geriləməkdə davam edir - Biznes itkiləri 2 mln. manata yaxınlaşıb

"Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nin 2024-cü ilin ilk səkkiz ayında topladığı sığorta haqqları 11,92 milyon manata bərabər olub. Bu isə ötən ilin eyni dövrünə nisbətən 13,1 % azdır. Valyuta.az-ın məlumatına görə, son bir ildə müştərək sığorta şirkətinin yığımları 1,79 milyon manat azalıb. Belə ki, 2023-cü ilin eyni dövründə "Aqrar Sığorta”nın yığımları 13,71 milyon manat təşkil etmişdi.  Sığorta şirkətinin yığımları azalsa da, ödənişləri 2,7 dəfə artıb və bu ilin yanvar-avqust aylarında 3,46 milyon manata çatıb. Başqa sözlə, şirkətinin ödənişləri 2,17 milyon manat artıb. 2023-cü ilin ilk səkkiz ayında isə ödənişlərin ümumi həcmi 1,29 milyon manat təşkil etmişdi. Son nəticədə sığorta şirkətinin zərərliyi 9%-dən, 29%-ə yüksəlib.  Qeyd edək ki, bundan əvvəl yerli mediaya açıqlamasında Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov şirkətin yığımlarının azalmasını taxılın qiymətində müşahidə edilən enmə ilə izah etmişdi. Xatırladaq ki, 2020-ci ildə yaradılan "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” 7 sığorta şirkəti tərəfindən bərabər paylarla təsis edilib. Müştərək şirkətin əsas fəaliyyət növü Aqrar Sığorta Fondu adından aqrar sığorta sisteminin idarəedilməsidir.