Dünya

Aldadılan Tehran, İsrailə atılan raketlər, sabitliyi pozulan Yaxın Şərq (ŞƏRH)

"İranın İsrailə raket zərbələri və Tel-Əvivin gözlənilən cavabı Yaxın Şərq regionunda onsuz da sadə olmayan vəziyyəti daha da gərginləşdirəcək".   Bunu Qaynarinfo-ya açıqlamasında hərbi jurnalist, konfliktlərin işıqlandırılması üzrə ekspert Seymur Kazımov deyib.   "Əslində, İranın cavabı gözlənilən idi, çünki HƏMAS lideri İsmayıl Haniyənin sui-qəsdi rəsmi Tehranı çıxılmaz duruma salmışdı. Hadisənin məhz İranda baş verməsi də bu ehtimalı artırırdı. Amma bir neçə gün öncə İran prezienti Məsud Pezeşkianın "Bizi aldatdılar, dedilər ki, Qəzzada atəşkəs olacaq, biz də Haniyənin ölümündən sonra İsrailə bir şey etmədik" sözləri dünya mediasında ən çox müzakirə olunan məqamdır. Bu, həm də açıq-aşkar göstərdi ki, İran və ABŞ arasında müəyyən məsələlərdə sövdələşmə var. Ehtimal olunan bu sövdələşmənin baş tutmaması, həm də "Hizbullah" lideri Həsən Nəsrullaha sui-qəsd İranı ehtiyatlı davranmağa məcbur etdi. Nəsrullahın öldürülməsi də məhz İrana verilən mesajdır. Belə ki, Nəsrullah İran dini lideri Seyid Əli Xameneinin tabeliyində olan fiqur idi. Bütün bunlardan sonra İranın nəsə edəcəyi gözlənilən idi. Haniyə, Nəsrallahdan sonra növbədə Xamaneinin olacağı şübhə doğurmurdu. Məhz İran dini lideri də mübarizədən çəkinmədiyini göstərmək üçün dünən İsrailə raket atılmasına əmr etdi", deyə ekspert bildirib.     Seymur Kazımov qeyd edib ki, bu raket zərbələri əvvəlkilərdən ciddi şəkildə fərqlənir: "FƏTTAH" ortamənzilli, hipersəsli raketləri manevr qabiliyyəti və sürəti ilə müdafiə sistemlərindən yayınmağa kömək edir. İran aprel ayından bu raketləri məhz paytaxt Təl-Əvivə yönəltdi. Doğrudur, ABŞ yenidən dövriyyəyə girdi və dənizdəki hava müdafiə sistemi ilə onun qarşısını aldı, o cümlədən də İsraildəki hava müdafiə sistemi də aktiv rol aldı, amma "FƏTTAH"ların bir qismi paytaxtda müxtəlif ərazilərə düşdü. Hədəf yalnız hərbi və strateji obyektlər olmadı, eyni zamanda mülki ərazilər də bombalandı. İran göstərmək istədi ki, o paytaxta qədər öz raketlərini göndərmək iqtidarındadır. İranın zənginləşdirilmiş uran ehtiyatlarının olması onun nüvə silahına sahiblənəcəyi təhlükəsi uzun illərdir ki, dünya gündəmini məşğul edən məsələlərdən idi. 2015-ci ildə ABŞ və bir sıra Avropa İttifaqları ilə imzalanmış sazişə görə, İran sülhpərvər siyasət yürütməklə, bu prosesə daim beynəlxalq nəzarət həyata keçirilməli idi. Amma 2018-ci ildə ABŞ-ın yeni sanksiya siyasəti İranı bu sazişdən çəkindirdi. İlk ağıla gələn də, İsrailin məhz bu kimi obyektlərə zərbələri ilə bağlıdır. İsrail bunu kiber hücumla edəcək, yoxsa raketlə  vuracaq, məlum deyil. Əvvəldə də dediyimiz  kimi, rəsmi Təl-Əviv buna mütləq cavab  verəcəyini bildirib".  Həmsöhbətimiz bildirib  ki, prosesin diplomatik həlli görünmür: "Prosesi gərginliyə aparan növbəti səbəb dünya ictimiyyətinin aparıcı dövlətlərinin ciddi səy göstərməməsidir. ABŞ, Almaniya, Böyük  Britaniya, Fransa kimi dövlətlər İranı qınayıb. ABŞ əlavə əsgər göndərib. Türkiyə diplomatik kanalların işə salınması cağırısı etsə də, İsrailin ünvanına sərt fikirlər səsləndirməkdə davam edir. Belə ki, prosesin diplomatik həlli  görünmür. Bir neçə gün öncə də, İsrail Livan ərazisinə "məhdudiyyətli quru əməliyyatı" başladıb, Suriya ərazisində isə partlayışlar törədilib. Göründüyü kimi, Yaxın Şərqdəki hələ ki, "isti" olaraq qalacaq".  Qeyd edək ki, dünən İran İsrailə raket zərbələri endirib. "Fars" agentliyinin yaydığı məlumata görə, İranın hücumunun ilk dalğasında raketlərin ən azı 80 faizi İsraildəki hədəfləri vurub. İran İsrail ərazisinə təqribən 180 raket atıb. İndiyədək hava hücumları nəticəsində 4 nəfərin həlak olduğu bildirilir. İsrail ordusu da öz növbəsində tezliklə İrana genişmiqyaslı əks-hücuma başlayacağlarını bəyan edib.  Rüfət Sultan