Siyasət

"Bu Qələbə onu göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür"

Bizim Qələbəmiz, əlbəttə ki, xalqımız üçün, dövlətimiz üçün ən böyük nemətdir, hesab edirəm ki, Azərbaycan xalqının çoxəsrlik tarixində ən parlaq hərbi Qələbədir. Qaynarinfo-nun məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışından sonra şəhər sakinləri ilə söhbətində deyib. "Eyni zamanda, bu Qələbə onu göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür. Xalqda birlik olanda, güclü iradə olanda, mənəvi ruh yüksək səviyyədə olanda, sən öz köklərinə bağlı olanda və milli dəyərlərə dəyər verəndə hər şeyə qadir ola bilərsən. Bizim xalqımız bu tarixi nailiyyəti əldə etməklə, eyni zamanda, bir çox başqa yerlərdə əzab-əziyyət içində yaşayanlara da yol göstərdi ki, bunu etmək mümkündür. Ona görə bizim Qələbəmizin beynəlxalq əhəmiyyəti bundan sonra ancaq artacaq”, - dəvlət başçısı deyib. O qeyd edib ki, Azərbaycanın hərbi əməliyyatları bu gün dünyanın aparıcı hərbi məktəblərində öyrənirlər: "Dəfələrlə söhbətlər əsnasında, yəni, hərbi işlərdən başı çıxan insanlarla görüşlər əsnasında, - mən xarici nümayəndələri nəzərdə tuturam, - Şuşa əməliyyatı, Hadrut əməliyyatı, digər əməliyyatlar, o cümlədən Cəbrayıl əməliyyatı, 5-6-7 müdafiə xəttinin, minalanmış və istehkamlarla təmin edilmiş o müdafiə xətlərinin hərbçilərimiz tərəfindən aşılması onlarda böyük təəccüb doğurur. İlk növbədə, əməliyyatların planlaşdırılması, əməliyyatların aparılması və eyni zamanda, sinəsini qabağa verib, gülləyə verib müdafiə xətlərini yaran bizim döyüşçülərimizin qəhrəmanlığı onlarda təəccüb doğurur. Mən bunu dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, bizi Qələbəyə aparan bizim milli ruhumuz olub”.