Digər

Sentyabrda havanın temperaturu iqlim normasından YÜKSƏK OLUB

2024-cü ilin sentyabr ayı ərzində havanın temperaturu əksər günlərdə iqlim normasından yüksək olub.  Bizim.Media xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.  O qeyd edib ki, sentyabr ayında Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturu müsbət 23.9 dərəcə olub ki, bu da iqlim normasından 2 dərəcə yüksəkdir.  Ötən ay ərzində havanın maksimal temperaturu Bakı və Abşeron yarımadasında 2 sentyabr tarixində 35 dərəcə, bölgələr üzrə isə 2-3 sentyabr tarixlərində Aran rayonlarında 37 dərəcə, Naxçıvan MR-da 38 dərəcə isti müşahidə olunub.   

Xidmətin rəisi bildirib ki, sentyabr ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq narıncı və sarı xəbərdarlıqlar verilib. Bakıda və Abşeron yarımadasında 6 gün, bölgələrdə isə 26 gün küləkli olub. Küləyin maksimal sürəti Abşeron yarımadasında 23 m/s, bölgələrdə isə 28 m/s-dək güclənib.  Bizim.Media