Siyasət
"ABŞ Azərbaycanla əməkdaşlıqda maraqlıdır" - Ekspert
"Deputatların bu çağırışı ABŞ-la hansısa sazişlərin pozulması, dayandırılması anlamına gəlməməlidir. Çünki nə Azərbaycan, nə də ABŞ bunda maraqlı deyil".
Bunu Qaynarinfo-ya açıqlamasında "Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyib.
Ekspert bildirib ki, COP29 ərəfəsi Azərbaycana təzyiqlər artır:
"Burada söhbət daha çox insan haqları və azadlıqlardan gedir. Bu istiqamətdə təzyiqlər artır. Bir məsələni nəzərə almalıyıq ki, təklif qərar deyil. Yəni müəyyən qruplar tərəfindən təklif irəli sürülür və ona münasibət birmənalı olmur. Ona görə Azərbaycan tərəfinin cavabı da müəyyən bir qruplara ünvanlanmış ola bilir. Cavab bütövlükdə ABŞ və ya Avropa İttifaqına münasibətlərə aid deyil".
Mehman Əliyev qeyd edib ki, Milli Məclis deputatlarının çağırışı narazılığın ifadəsidir, başqa bir şey deyil:
"Ona görə də ABŞ tərəfi də bəyan etdi ki, Azərbaycanla əməkdaşlığı davam etdirməkdə maraqlıdır. Deputatların bu bəyanatı ABŞ-la hansısa sazişlərin pozulması, dayandırılmasına gətirib çıxarmayacaq. Çünki nə Azərbaycan, nə də ABŞ bunda maraqlı deyil".
Qeyd edək ki, Milli Məclisin bir qrup deputatı ABŞ-la iki sazişə xitam verilməsi, yeni müqavilələrin razılaşdırılmaması, USAID-in Azərbaycandakı layihələrinin dayandırılması barədə xarici işlər naziri Ceyhun Bayramova müraciət edib. ABŞ Konqresinin bir qrup üzvünün dövlət katibi Entoni Blinkenə müraciətinə cavab olaraq, Milli Məclisin 43 deputatının Ceyhun Bayramova ünvanladığı məktubda Vaşinqtonla imzalanan bir sıra müqavilələrə xitam verilməsi təklif edilir.
Azərbaycan və ABŞ arasında qüvvədə olan müqavilələrə, ələlxüsus, 1997-ci ildə imzalanmış "Azərbaycan Respublikası və ABŞ arasında gələcək hərbi və müdafiə əlaqələri haqqında" Birgə bəyanata və 2013-cü ildə imzalanmış "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında" Sazişə xitam verilməsi, yeni müqavilələrin razılaşdırılması və qüvvədə olmuş müqavilələrin uzadılması üzrə danışıqların dərhal dayandırılması və ABŞ-nin Beynəlxalq İnkişafa Yardım Agentliyi (USAID) və ABŞ-nin qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycanda həyata keçirilən bütün layihələrin dayandırılması və yeni layihələrə icazə verilməməsi, eləcə də USAID-in ölkəmizdəki fəaliyyətinə son qoyulması" kimi sazişlərə son qoyulması tələb edilir.
Rüfət Sultan