Siyasət

"Prezidentin Rusiya səfəri böyük əhəmiyyətə malikdir" - Deputat

"Azərbaycan Prezidentinin Rusiyaya səfəri olduqca böyük əhəmiyyətə malikdir".    Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. "Bu səfər ikitərəfli münasibətlərin daha da gücləndirilməsi, ortaq təmas nöqtələrinin daha da zənginləşdirilməsi, mühüm iqtisadi-siyasi, humanitar, mədəni platformada əlaqələrin dərinləşməsi baxımından da olduqca vacib idi", deyə Hikmət Babaoğlu bildirib. Deputat qeyd edib ki, səfərin ən yadda qalan hadisəsi Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı seçilməsi olub: "Çünki dünənə qədər Laçının Azərbaycana aid olduğunu şübhə altına alan mövqelərin olduğu bir zamanda MDB-nin mədəniyyət paytaxtı elan olunması mühüm siyasi və strateji əhəmiyyətli bir hadisədir. Bu həm də Azərbaycanın suveren hüquqlarının bir daha tanınması və qəbul edilməsi anlamına gəlir. Həmçinin, Ermənistan istisna olmaqla MDB-yə üzv ölkələrin Azərbaycana dost münasibətindən irəli gəlir. Azərbaycan Prezidenti demişdi ki, ölkəmizə olan dost və düşmən mövqelərin test edilməsi üçün yaxşı bir formula var. Suverenliyimizə, ərazi bütövlüyümüzə hörmət edənlər  ölkəmizə dost olanlardır. Bunu qəbul etməyənlər isə fərqli mövqedə duranlardır".   Həmsöhbətimiz bildirib ki, ikinci məsələ ortaq siyasi keçmişimiz və mənəvi dəyərlərimizlə bağlıdır: "2025-ci ildə II Dünya müharibəsinin sona çatmasının 80 illik yubileyi keçiriləcək. Bu Azərbaycanın əcdadlarımızdan miras qalan mənəvi dəyərlərə sadiqliyinin göstəricisidir. Bu da birləşdirici faktordur. Nəticə etibarı ilə Azərbaycanın siyasi, iqtisadi, mədəni münasibətlərinin böyük hissəsi MDB-yə üzv ölkələrilə bağlıdır. Üstəlik bu TDT-yə üzv olduğumuz ölkələrin də məkanıdır. Ona görə düşünürəm ki, bu platforma milli maraqlarımızın realizə və təhlükəsizliyimizin təmin olunması baxımından vacib bir platformadır". Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiyada səfərdə olub. Burada o, MDB dövlət başçılarının toplantısında iştirak edib. Eyni zamanda, bir sıra ölkələrin liderlərilə görüşüb.  Rüfət Sultan