Siyasət
Orta Asiya, Mərkəzi Asiya, yoxsa Türküstan... - Necə yazmalıyıq?
"Vahid əlifba layihəsindən sonra Türküstan adının siyasi gündəmə gətirilməsi xüsusi önəm daşıyan addımdır. Ona görə Azərbaycan da analoji qərar verməlidir".
Bunu Qaynarinfo-ya açıqlamasında araşdırmaçı jurnalist Rəsul Mirhəşimli deyib.
Onun fikrincə, Türkiyə Təhsil Nazirliyinin Orta Asiyanın Türküstan adlandırılması ilə bağlı qəbul etdiyi qərar yalnız bölgənin tarixi və mədəni kimliyini bərpa etməklə qalmayacaq:
"Eyni zamanda Türk Dövlətləri Təşkilatının inkişafına və Türk cümhuriyyətləri arasında inteqrasiyanın dərinləşməsinə də müsbət təsir göstərəcək. Bu qərar təkcə mədəni və ictimai məzmun kəsb eləmir, eyni zamanda, Stalin repressiyalarında itirilmiş hüquqların bərpası baxımından önəmlidir. Tarixə nəzər salsaq, görərik ki, Türküstan 1922-ci ildə SSRİ-yə bu adla daxil olub. Lakin türk adına nifrəti ilə tanınan diktartor Stalinin göstərişi ilə bu ad repressiyalar zamanı "Orta Asiya" adına dəyişdirilib. Bununla da Türküstanın mədəni və milli kimliyinə ciddi zərbə vuruldu. Bu dəyişiklik bölgənin tarixi irsinin unudulmasına, etnik cəhətdən müxtəlif xalqların bir-birindən uzaqlaşmasına səbəb oldu".
Həmsöhbətimiz qeyd edib ki, Türküstan adının dəyişdirilməsi yalnız coğrafi deyil, eyni zamanda tarixi və mədəni bir kimliyin simvolu kimi unutdurulmaq üçün qəbul edilən siyasi qərar idi:
"Qeyd etmək lazımdır ki, Stalin repressiyaları təkcə Türküstanın adını dəyişdirməklə qalmadı, həmçinin Azərbaycanda 1938-ci ilə qədər mövcud olan türk kimliyini və türk dilinin adını dəyişdirib, azərbaycanlı və Azərbaycan dili ifadəsini ortaya atdı".
Rəsul Mirhəşimli hesab edir ki, Azərbaycan da Türkiyə Təhsil Nazirliyinin bu qərarını dəstəkləməklə yetinməməli, analoji qərar da verməlidir:
"Bu qərar həmin ərazilərin coğrafi baxımından adını özündə ehtiva edə bilər. Yetər ki, tarixi ədalətsizliyin aradan qaldırılması və mədəni, siyasi inteqrasiyanın genişləndirilməsinə yardımçı olsun. Bu da Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi baxımından mühüm rol oynaya bilər. Vahid əlifba layihəsindən sonra Türküstan adının siyasi gündəmə gətirilməsi xüsusi önəm daşıyan addımdır. Bu qərarın real həyatda gerçəkləşdirilməsi üçün mühüm işlər görülməlidir".
Qeyd edək ki, Türkiyənin Milli Təhsil Nazirliyi yeni təhsil proqramında ciddi dəyişiklik edib. Türkiyə Əsri Təhsil Modeli çərçivəsində edilən dəyişikliyə görə, tarix dərsliklərində artıq Mərkəzi Asiya regionu "Türküstan" adlandırılacaq. Türklərin yurdu mənasını verən Türküstan sözü ən qədim dövrlərindən işlənməyə başlayıb. XIX əsrin əsrin ikinci yarısında başa çatan rus istilası nəticəsində isə Türküstan anlayışı Orta Asiya adı ilə əvəzlənib.
Rüfət Sultan