Dünya

Pentaqon Tayvan təlimləri keçirən Çinə ABŞ-ın gücünü xatırlatdı

Pentaqon Çinin Tayvan yaxınlığında keçirdiyi genişmiqyaslı hərbi təlimləri təzyiq əməliyyatı adlandırıb. Birləşmiş Ştatlar Tayvan boğazında sabitliyi qorumaq niyyətini xatırladıb. Bu barədə Qaynarinfo Pentaqonun spikeri briqada generalı Pet Rayderin bəyanatına istinadən xəbər verir. "Biz Tayvan ətrafında Çin Xalq Azadlıq Ordusunun "Joint Sword-2024B” təlimlərini yaxından izləyirik. Bu hərbi təzyiq əməliyyatı məsuliyyətsiz, qeyri-mütənasib və sabitliyi pozan bir əməliyyatdır", - Rayder bildirib.   Sözçü əlavə əlavə edib ki, Tayvan prezidentinin 10/10 milli bayramına həsr olunmuş bəyanatlar verməsi çoxdankı ənənədir və adətən bu, Çindən o qədər də böyük reaksiyaya səbəb olmur. Lakin Pekin təxribat xarakterli hərbi əməliyyatlar üçün bunu fürsəti seçib. Rayder ABŞ-ın Hind-Sakit okean regionunda öz imkanlarına əmin olduğunu vurğulayıb. "Hind-Sakit okean regionunda çəkindirmə qüvvəsi güclü olaraq qalır və nazirliyin regionda mövcud olan qüvvələrinə və əməliyyatlarına arxayınlığı davam edir. Bütün dünya Tayvan boğazı boyunca sülh və sabitlikdə maraqlıdır və biz Tayvan boğazında sülh və sabitliyə sadiq olan ölkələrin artan birliyini müşahidə etməyə davam edirik”, - deyə spiker bildirib. O, həmçinin əlavə edib ki, ABŞ Çinin sabitliyi pozan davranışına baxmayaraq, azad və açıq Hind-Sakit okean vizyonunu inkişaf etdirmək üçün müttəfiqləri ilə işləyir. Xatırladaq ki, oktyabrın 14-də Çin Tayvan yaxınlığında "Joint Sword-2024B” irimiqyaslı hərbi təlimlərə başlayıb. Çin ordusu təlim zamanı gəmilərinin və təyyarələrinin Tayvana "bir çox istiqamətdən yaxınlaşdığını” bildirib. Tayvan da öz növbəsində Pekinin hərəkətlərini pisləyib, lakin belə addımlara hazır olduğunu qeyd edib. Nizami Bağırov