Siyasət

Simonyanın açıqlaması: Azərbaycan və Ermənistan sülhünə mane olan dövlət hansıdır?

"Simonyanın bu açıqlaması Ermənistan hakimiyyətinin sülh prosesindən imtinasının növbəti bəhanəsidir". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli Ermənistan parlamentinin sədri Alen Simonyanın sülh prosesinin irəliləməsi üçün İrəvanın güzəştə getməyəcəyi barədə səsləndirdiyi fikrini şərh edərkən deyib. Hüquqşünas deyir ki, Simonyan sülh prosesinə əngəl olan xarici qüvvələr dedikdə ilk növbədə Rusiyanı nəzərdə tutur: "Sözsüz ki, sülh prosesinin iki dövlət arasında normal məcrada getməsinə maneə olan xarici qüvvələr var. Amma bu qüvvələr Simonyanın düşündüyü kimi təkcə bir qütbdən ibarət olan deyil. Simonyanın tərəfdar olduğu və Ermənistanı müdafiə edən ABŞ, Fransa və Avropa İttifaqı sülh prosesində zahirən maraqlı görünsələr də, faktiki olaraq maraqlı deyillər. Çünki onların Cənubi Qafqaza daxil olmaq imkanı yeganə olaraq Ermənistan vasitəsilədir. Sülh prosesinin baş tutacağı təqdirdə isə, onlar bu və ya digər formada Ermənistana daxil ola bilməyəcəklər. Aİ müşahidəçi adı ilə kəşfiyyatçı göndərməyəcək, ABŞ hərbi silahlar göndərmək imkanına malik olmayacaq. Bu səbəbdən də Qərb maraqlıdır ki, sülh məsələsi öz həllini tapmasın və onlar da yaranmış situasiyadan istifadə edib, regiona gəlib yerləşə bilsinlər. Yalnız bundan sonra onların diqtəsi altında sülh imzalansın. Simonyan isə sülh prosesinin irəliləməsinə maneə olan qüvvələr deyərkən ilk növbədə Rusiyanı nəzərdə tutur. Rusiya da sülh prosesində maraqlı deyil. Çünki Rusiyanın da bölgədə iştirakı sülh prosesinin incəliyindən asılıdır". Həmsöhbətimiz qeyd edir ki, Simonyanın daha heç bir güzəştə getməyəcəkləri barədə verdiyi açıqlama da İrəvanın konstitusiyalarında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarına əsas verən müddəalardan imtina etmək niyyətində olmadıqları anlamına gəlir:  "Ermənistan indiyə qədər sülh danışıqlarında hər hansı bir güzəştə getməyib. Mövcud status-kvonun möhkəmləndirilməsi, regionun gələcək inkişafı üçün sülh prosesinin bərqərar olmasından söhbət gedir ki, burada da kiminsə güzəştə getməsinə xüsusi ehtiyac yoxdur. Sadəcə olaraq, Azərbaycan haqlı olaraq hesab edir ki, gələcəkdə revanşizmin yenidən baş qaldırması, Ermənistanın qonşulara, xüsusən də Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarına əsas verən hər hansı bir hüquqi əsaslar olmasın. Bu fonda Simonyanın daha heç bir güzəştə getməyəcəkləri barədə verdiyi açıqlama da onu göstərir ki, İrəvan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarına əsas verən müddəalardan imtina etmək niyyətində deyil. Bu isə dayanıqlı sülh demək olmayacaq. Bir dövlət başqa dövlətə qarşı ərazi iddiasına əsas verən müddəaları konstitusiyasında saxlayırsa, 10 dəfə sülh müqaviləsi bağlansa da, Ermənistan kimi ölkələr gələcəkdə konstitusiyasını əsas götürərək, ona uyğun da hərəkət edəcək. Simonyanın mövqeyi də əslində sülh prosesindən imtinanın növbəti bəhanəsidir". Qeyd edək ki, Ermənistan parlamentinin sədri Alen Simonyan "Azatutyun”a açıqlamasında sülh prosesinin dalana dirənməsinə imkan verməyin yolverilməz olduğunu deyib. Onun sözlərinə görə prosesin dalana dirənməsində Ermənistana, ola bilsin həm də Azərbaycana düşmən münasibət bəsləyən ölkələr maraqlıdır.  Əlavə güzəştlərlə dalana dirənmiş bu situasiyadan çıxışın olub-olmadığı barədə suala cavabında isə Simonyan bəyan edib ki, Ermənistan beynəlxalq hüququn, öz suverenliyinin astanasında dayanıb və onun güzəştə gedə biləcəyi heç nə qalmayıb”.  Rüfət Sultan