Dünya
Rusiya XİN "dost ölkələr"ə Zelenskinin planına qarşı xəbərdarlıq etdi
Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin rəhbəri Aleksey Polişuk Ukrayna hakimiyyətinin müharibənin həlli ilə bağlı təkliflərini ultimatum adlandırıb. Xüsusilə, o, Rusiyaya dost ölkələrə Ukrayna prezidenti Volodimir Zelenskinin təklif etdiyi "qələbə planını” dəstəkləməmək barədə xəbərdarlıq edib.
Qaynarinfo xəbər verir ki, bu barədə o, "RİA Novosti"yə danışıb.
"Zelenskinin "qələbə planı”nda nə plan, nə də qələbə var. Necə ki, onun "sülh formulunda” nə sülh, nə də formul var, Bürgenştokda keçirilən "sülh sammiti”ndə isə nə sülh, nə də sammit var idi. Biz dostlarımıza və tərəfdaşlarımızı aldatma və təzyiq üsulları ilə cəlb etməyə çalışdıqları bu ultimatum təşəbbüslərini və formatlarını dəstəkləməmək barədə xəbərdarlıq edirik”, - Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin rəhbəri bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi əlavə edib ki, ABŞ-da keçirilən prezident seçkilərinin nəticələrinin münaqişəyə ciddi təsir göstərməsi ehtimalı azdır. Onun sözlərinə görə, 2025-ci ildə hərbi əməliyyatların başa çatması ehtimalı yalnız hərbi əməliyyatın məqsədlərinin həyata keçirilməsindən asılı olacaq. O, həmçinin bəyan edib ki, "DXR” və "LXR”, eləcə də Zaporojye və Xerson vilayətləri sövdələşmə predmeti ola bilməz.
Xatırladaq ki, oktyabrın 16-da Vladimir Zelenski beş bəndlik "qələbə planı” və daha üç "məxfi əlavə” təqdim edib. İctimaiyyətə açıqlanan maddələr arasında Ukraynanı NATO-ya dəvət etmək, Rusiya ərazisinə zərbələr endirmək üçün uzaqmənzilli silahlardan istifadəyə qoyulan məhdudiyyətləri aradan qaldırmaq və hərtərəfli "qeyri-nüvə strateji paketi”nin yerləşdirilməsi daxildir. Kreml "qələbə planı”nı Rusiya ilə NATO arasında toqquşmaya səbəb ola biləcək əsassız təkliflər adlandırıb.
Nizami Bağırov