Dünya

Zelenski müharibə dövrü üçün yeni daxili plan hazırlayır - BBC

Ukrayna Prezidenti Volodimir Zelenski hakimiyyət orqanlarına Ukraynanın müharibədən "sağ” çıxmasına kömək edəcək daxili fəaliyyət planı üçün təkliflər hazırlamağı tapşırıb. Qaynarinfo xəbər verir ki, bu barədə "BBC Ukrayna” mənbələrinə istinadən məlumat yayıb. Qeyd olunur ki, bu təşəbbüs "qələbə” planına alternativ deyil. Nəşrin məlumatına görə, yeni sənəd bir sıra sahələrdə, o cümlədən hərbi-sənaye kompleksi, müdafiə, iqtisadiyyat, sosial siyasət və sair sahələr üzrə daxili qərarlara aid olacaq. BBC yazır ki, Ukrayna dövlət başçısının sözlərinə görə, bu plana Ukraynanın özünün atmalı olduğu addımlar daxil olacaq. Məhz bununla daxili fəaliyyət planı Qərb tərəfdaşlarına aid olan "qələbə” planından fərqlənir. "Prezident artıq bu planı hazırlamaq üçün göstəriş verib”, - Zelenskinin komandasındakı mənbə deyib. Sənəd 2024-cü ilin sonuna kimi hazırlanaraq ukraynalılara təqdim edilməlidir. "Məqsəd birliyi qorumaq və ölkənin inkişafının müxtəlif sahələrində nəticələr əldə etmək üçün mümkün olan hər şeyi etməkdir", - adının açıqlanmasını istəməyən həmsöhbət əlavə edib. Nizami Bağırov