Dünya
İsraildən İrana ağır zərbə: Uzun müddət ballistik raket istehsal edə bilməyəcək
İsrailin oktyabrın 26-na keçən gecə İrana endirdiyi zərbə İranın ballistik raketlərin istehsalı proqramının əsas komponentini sıradan çıxarıb.
Qaynarinfo xəbər verir ki, "Axios" portalı bu barədə İsrail mənbələrinə istinadən yazıb.
Həmsöhbətlər bildiriblər ki, məhv edilmiş avadanlıq İranın öz raket arsenalını tez bir zamanda artırmaq imkanlarını məhdudlaşdırıb, buna görə də Tehran İsrail ərazisinə növbəti raket zərbələrindən imtina edə bilər.
Mənbələrin məlumatına görə, İsrailin zərbələri İranın uzaqmənzilli raketlər üçün bərk yanacaq istehsalında istifadə etdiyi 12 "planet mikserini” sıradan çıxarıb.
Dağıdılan obyektlər İranın təkbaşına istehsal edə bilmədiyi son dərəcə mürəkkəb avadanlıqlardır. Buna görə də mənbələr qeyd edir ki, İran tərəfi bu cür avadanlıqları Çindən alır. Obyektlərin bərpası təxminən bir il çəkə bilər.
İranın hələ də böyük raket ehtiyatına malik olmasına baxmayaraq, istehsalın məcburi şəkildə azaldılması "Hizbullah" və Yəmən Husilərinə öz ehtiyatlarını artırmağa imkan verməyəcək. Mənbələrdən birinə görə, hücum zamanı dörd S-300 hava hücumundan müdafiə batareyası məhv edilib. Onlar strateji obyektlər olub və İranın nüvə obyektlərini qoruyublar.
Oktyabrın 26-na keçən gecə İsrail ordusu İrandakı hərbi obyektlərə hücum elan edib. Hədəf kimi raketlər və zenit müdafiə vasitələri istehsal edən zavodlar adlandırılıb. İran tərəfinin məlumatına görə, hücum dəf edilib, lakin məhdud ziyanla nəticələnib. İki əsgər öldü. Zərbə ilə əlaqədar İran BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.
Aydın