Siyasət
Səməd Seyidov: "Əvvəl "nə oldu, Paşinyan?", indi isə "nə oldu, Paris?" deyirik"
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun Qaynarinfo-ya müsahibəsi
- Səməd müəllim, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilir. Bu tədbir Azərbaycan üçün hansı önəmi daşıyır?
- Bu tədbirin əhəmiyyəti ilə bağlı danışmaq çox çətindir. Eyni zamanda, bu, çox sadə bir sualdır. Birləmiş Millətlər Təşkilatının ən mühüm tədbirlərindən biri olan COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyəti göz önündədir. Bütün dünyanın gözü Bakıdadır, əksər dünya ölkələrinin rəhbərləri, nümayəndə heyətləri burdadır. Bütün dünyada ən vacib məsələlərdən biri olan iqlim dəyişikliyi və onunla bağlı lazım olan tədbirlərin həyata keçirlməsi ilə bağlı müzakirələr məhz bu gün rəsmi Bakıda aparılır. Bu, artıq öz təsdiqini tapmış bir aktdır. Ona görə də, bu təşkilin Azərbaycanda necə təşkil edilməsi də göz qabağında olan bir həqiqətdir. Bu tədbirdə həmçinin ölkə prezidentləri, baş nazirləri, dünyanın gündəmində olan insanlar Bakıya toplaşıblar.
- Tədbirin əhəmiyyəti ilə bağlı çətinliklər nədən ibarətdir?
- Çox təssüf olsun ki, dünya elə bir mərhələyə gəlib çatıb ki, bəşəri narahat edən, bəşəriyyətin bəlaları olan, dünyanı faktiki uçurum qarşısında qoyan məsələlər əslində öz həllini tapmaq zəruriyyətini özündə ehtiva etməlidir. Ancaq dünya və bəzi ölkələr, qurumlar, təşkilatlar onlardan alət kimi istifadə edərək öz siyasi maraqlarını təmin etmək fikrindədirlər. Fransa, Niderland və digər ölkələri buna nümunə göstərmək olar. Beynəlxalq təşkilatlar olan Avropa İttifaqı, Avropa Şurasını da bu siyahıya daxil etmək olar. Bu gün dünya sanki bir seçim qarşısındadır. Bu seçimin iki tərəfi var. Bir tərəfini Azərbaycan təklif edir. Ölkəmiz təklif edir ki, dünya öz diqqətini bu real problemlərə yönəltsin. Dünya bu real problemləri öz milli maraqları kimi nəzərdən keçirsin. Digər tərəfdən, bu günnün tələbi ondan ibarətdir ki, bu işi cəsarətlə gündəmə gətirsinlər.
Nəhayət dördüncüsü, öz içərilərində olan bəlalardan sui istifadə edib, onları ört-basdır etməsinlər. Siyasi məsələləri gündəmə gətirməklə qlobal dünyanın problemlərini siyasətlərinin altında gizlətməsinlər. Azərbaycanın təklif etdiyi cəsarətli addımdır və cənab prezident COP29-un açılışında dünyaya açıq şəkildə bu mesajları bəyan etdi. Ölkə başçısı cəsarətlə bunu qeyd etdi. İlham Əliyev ölkəmizin mövqeyini açıq şəkildə ortaya qoyaraq qeyd etdi. Amma biz nəyi görürük? Biz görürük ki, bu gün dünyanın aparıcı ölkələrindən olan Fransa, Niderland və bəzi beynəlxalq təşkilatlar faktiki bundan bir nəticə çıxarıb, bir araya gəlib, problemlərin maliyyə tərəfinin həll olunması ilə bağlı addım atmalıdırlar. Bunlar isə bundan qaçmaq niyyətini ortaya qoyaraq məsələni süni şəkildə siyasətləşdirirlər və faktiki meydandan qaçmaq istəyirlər. İştirak etmək istəmirlər.
- Siz hesab edirsiz ki, COP-29-da iştirak etməyən Fransa və digər ölkələrin prezidentləri iqlim sahəsində olan problemlərin maliyyələşdirilməsindən qaçmaq üçün tədbirdə iştirak etmədilər?
- Əlbəttə. Onlar hansısa bir sözdən inciməyiblər, onlar hansısa məsələni qəbul etmək istəməyi bəhanə gətirə bilməzlər. Əsla yox. Bir az məsələyə dərin baxın. Bunu görəcəksiz. Onlar sadəcə başa düşürlər ki, Azərbaycanın apardığı siyasət onların iç üzünü açır. BMT-nin tərkibində 200-ə yaxın dövlət var. Biz bu böyük dövlətlər siyahısına daxil deyilik. Biz kiçik dövlətlər siyahısına daxilik. Ancaq bizim dediyimiz sözlər, addımlarımız böyük dövlətlərin cəsarəti səviyyəsindədir. Ona görə onlar görürlər bu siyasətə dəstək var. Apardığımız siyasət onların iç üzlərini açır. Bütün bəhanələrlə Azərbaycana qarşı əllərində olan imkanlardan istifadə edib qarayaxma kompaniyasını aparırlar.
- COP29 tədbirlərində iştirak edən aktiv adamlardansız. Sizcə, hansı xarici dövlətlər bu tədbirdə ən çox aktivlik nümayiş etdirdilər?
- Söhbət ən fəal, ən zəif iştirakçıdan getmir. Dünyanı narahat edən məsələni gündəmə gətirmək və bunu priolitet etmək və bunun reallığını cəsarətlə gündəmə gətirərək danışmaq bu özü bir işdir. Gələn ölkələrin əksəriyyəti bəlkəmdə hamısı buna görə gəliblər. Hansılar ki, hansısa formada ya gəlmək istəməyib, ya gəlmək siyasətinin səviyəsini aşağı endirib, ya hansısa formada guya iştirak edir və əslində isə iştirak etmək niyyətləri yoxdur. "Xala xətrin qalmasın” siyasətini aparırlar. Yaxud müzakirələrdə ciddi numayəndə heyyəti səlahiyyətlərini vermirlər. Bunlar hamısı göz qabağındadır. Ona görə cənab prezident COP29-da çıxışlarında qeyd etdi ki, "bu gün zaman gəlib çatıb ki, biz bu məsələlərin həllinə çalışmalıyıq. Hesab edirəm ki, COP29-un bir dönüş nöqtəsi olacaq. Bəzi ölkələr öz simalarını göstərdilər”. Mən ümumiyyətlə gözləyirəm ki, bu açıq söhbətdən çəkinəcəklər. Fransa buna bir nümunədir. Fransa açıq şəkildə bəyan etdi ki, "mən gəlmirləm, mən incimişəm”. Nədən incimisən, ay Fransa? Başına yağış yağmasından incimisən? İncimisən ki, ölkəndə hərarət yüksəlir? İncimisən ki, sən bu problemləri maliyyələşdirmədən imtina edirsən?
- 2015-ci ildə Paris Razılaşması Fransada qəbul edildiyi halda, sözügedən ölkənin bu tədbirdən iştirak imtinası beynəlxalq qanunlara uyğundurmu?
- 2015-ci ilin dekabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasıına üzv ölkələrin 21-ci konfransında Paris Razılaşması qəbul edilib. Paris Razılaşmasında 6-cı bəndində bilirsiz nə göstərilib? Bu bənddə göstərilib ki, dünya ölkələri bir yerdə bütün siyasi məsələləri kənara qoyaraq iqlim probleminin həlli ilə bağlı məsələləri birləşərək həll etməlidirlər. Bu razılaşma Parisdə qəbul edilib. Bəs nə oldu? Əvvəl deyirdik, nə oldu Paşinyan? İndi də deyirik ki, nə oldu Paris?
- Paşinyan demişkən, COP29-a Ermənistan da iştirak etmədi. Ola bilər ki, bu Fransanın təzyiqi ilə baş verib?
- Bir məsələdən danışmaq üçün gərək müstəqil olasan. İkincisi isə sən gərək qısa müddətli maraqları kənara qoyub, uzun müddətli strateji addımlar atasan. Nə birincisi, nədə ikincisi Ermənistanda görünmür. İndi bilmirəm, COP29-da qeydiyyat üçün Ermənistan sənədlərini alıbmı? COP29 davam edir, bəlkə də nümayəndə göndərəcəklər. Amma bu günə ermənilərin COP29-da iştirakında heç bir məlumat yoxdur. Fransa prezidenti və nümayəndə heyəti gəlmədisə, ola bilər onlar da gəlməsin.
- Paşinyan bir neçə həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdü. Daha sonra onlar COP29-da iştirak etməklə bağlı KİV-də müsbət fikirlər səsləndirdilər…
- Bir müddət əvvəl Paşinyan Ərdoğanla yanaşı, başqa ölkələrin rəhbərləri ilə də görüşdü. Putinlə, Makronla görüşdü. Söhbət ondan getmir. Ermənistan bu gün Cənubi Qafqazda müstəqil bir dövlət kimi özünə və milli maraqlarına məxsus yaşamaq, fəaliyyət göstərmək istəyirsə regionda olan ölkələrin milli maraqlarını nəzərə alıb öz milli maraqları ilə yanaşı onları ciddi təhlil etməlidir. Ermənistan regionda olan milli maraqları kənara qoyub Fransa və yaxud hansısa bir başqa ölkələrin milli maraqlarını həyata keçirirsə çətin ki sözügedən ölkə nə vaxtsa düzələr. Ermənistan bu gün silahlanma siyasətini də sürətli şəkildə həyata keçirir. Ancaq hamıya maraqlıdır ki, sözügedən silahlar nə üçün alır? Ermənistan nə qədər silahlansa da, onların müharibə edib, qalib gəlmək potensialı yoxdur. Hara silahlanırsan və hansı istiqamətdə silahlanırsan? Kimi silahlandıracaqsan? Sənin heç əhalin yoxdur axı. Bu nöqteyi nəzərdən çox təssüf olsun ki, Ermənistan bu gün də münasibətlərin normallaşması üçün çox gözəl şansdan istifadə edə bilmədi.
- ABŞ-Azərbaycan Dostluq Qrupunun rəhbəri kimi Donald Trampın prezident seçilməsindən sonra Azərbaycan-ABŞ münasibətlərini necə qiymətləndirirsiz?
- ABŞ-Azərbaycan Dostluq Qrupunun rəhbəri kimi deyə bilərəm ki, hazırda Birləşmiş Ştatlar dünyanın ən aparıcı və ən güclü ölkələrindən biridir. Bu gün də ən güclüsü və ən varlısıdır. Dünyada ən böyük təsirə malik olan dövlətdir. Ona görə Azərbaycan ABŞ-la normal münasibətlərdə hər zaman maraqlıdır. Azərbaycan prezidenti İlham Əliyevin ABŞ yeni seçilmiş 47 prezidenti Trampa göndərdiyi məktubda da öz əksini tapıb. Cənab prezidentin məktubunda "Biz Azərbaycanın ABŞ-la əməkdaşlıq etməyə, yüksək səviyyədə əlaqələr qurulmasına, əlaqlərin genişləndirilməsinə daim maraqlıyıq” deyilir. Bu istiqamətdə əməkdaşlıq etməyə hazırıq. Yenə qayıdırıq həmin məsələyə. Təəssüflər olsun ki, qərb dövlətləri daxilində elə qüvvələr var ki, ABŞ və Azərbaycan münasibətlərinin düzəlməsini istəmirlər. ABŞ-Azərbaycan münasibətləri çərçivəsində ən pozucu, kəskini Bayden Administirasiyasından formalaşıb. Ona görə Bayden adminsitirasiyası faktiki Azərbaycan-ABŞ münasibətlərinin inkişaf etdirilməsi əvəzinə onların dağıdılması ilə məşğul olub. Baydeninin konqres və senatla birgə yazdığı məktub da hər kəsə məlumdur. Mən onların üslublarını çox gözəl bilirəm. Ermənistan lobisinin təsiri altında Bayden adminstirasiyası Azərbaycanla bağlı 907-ci maddənin düzəlişi yenidən gündəmə gətirilməsi və Azərbaycan sanksiya ilə hədələməsi hər kəsə məlumdur. Nəyə görə? Ona görə ki, BMT-nin qətnamələrini yerinə yetirmişik. Bizi soyqrımda ittiham edirlər. Bildikləri halda bu yalandı. Ona görə də biz ABŞ-da gələn hər bir administirasiya ilə işləməyə hazırıq. Hazırda ABŞ-a rəhbərlik etmək üçün Tramp adminsitrasiyası yenidən gəlir. Biz onları görürük. Biz onları ciddi bilirik və biz əməkdaşlıq etməyə hazırıq. Biz açıq şəkildə heç nədən çəkinmədən onlarla da dünyanın problemlərindən tutmuş və ABŞ -Azərbaycan münasibətləri haqqında danışmağa qədər hazırıq. Bütün bunların altında biz düzgün xəyanətə söykənməyən əməkdaşlıq istəyirik. Biz qarşılıqlı hörmət əsasında formalaşmış münasibətlər istəyirik. Biz hansısa bir təzyiq, müdaxilə, yeni neo-müstəmləkə siyasətini istəmirik. Bəzi ölkələrə bu adi gəlir. Misal üçün Ermənistan çox istəyir ki, hansısa supergücün əsarəti altında olsun. Paşinyan dünən bəyanat verib ki, "biz 600 il əsarət altında yaşasaq da heç bir dövlətin içində yaşaya” bilməmişik. Bu biarbırçı açıqlamadır. Ancaq Azərbaycan başqa bir fəlsəfənin sahibidir. Ona görə də biz hörmət istəyirik və hamıya da eyni hörmətlə yanaşırıq.
Amid Eyyuboğlu