İranın neft maqnatı Hüseyn Şamxani Xəzər dənizindən Rusiyaya silah daşınmasında əsas rol oynayır. Bizim.Media xəbər verir ki, “Bloomberg” bu barədə ABŞ, Böyük Britaniya və Aİ rəsmilərinə, eləcə də əməliyyatlarla tanış olan insanlara istinadən yazıb. Onların sözlərinə görə, ötən ildən Şamxanı ilə əlaqəli şirkətlər şəbəkəsi, o cümlədən Dubayda yerləşən “Crios Shipping” MMC öz gəmilərində silah, dron hissələri və ikili təyinatlı malların daşınmasına başlayıb. Məlum olub ki, əvvəllər Aralıq dənizi və Qara dəniz marşrutları ilə üzən “Crios”a məxsus gəmilər 2023-cü ilin ortalarında Xəzər dənizinə keçib və o vaxtdan İran və Rusiya arasında hərəkət edir. Bura "Sea Castle" (Tooka kimi tanınır) və "Sea Anchor" (Roja kimi tanınır) gəmiləri də daxildir Bu il "Sea Castle" və "Sea Anchor" İran limanlarından Həştərxana ən azı beş reys həyata keçirib.
Hüseyn Şamxani İranın keçmiş müdafiə naziri və hazırda ölkənin ali dini lideri Ayətullah Əli Xameneinin müşaviri Əli Şamxaninin oğludur. Avqust ayında Bloomberg yazıb ki, kiçik Şamxani İran və Rusiyanın xam neft ixracatının əhəmiyyətli hissəsini təşkil edən neft imperiyasına sahibdir. Agentliyin məlumatına görə, o, Dubayda qeydiyyatdan keçmiş, şirkətlər şəbəkəsini idarə edən və mövcud olduğu müddətdə (2022-ci ildən) İran, Rusiyadan və digər ölkələrdən malların satışından milyardlarla dollar qazana bilmiş "Milavous Group" Ltd şirkəti ilə əlaqəlidir. Milavous isə Şamxanı ilə hər hansı əlaqəni təkzib edib. Özü də bildirib ki, logistika biznesi ilə məşğuldur, neft ticarəti ilə heç bir əlaqəsi yoxdur və yalnız sanksiyalar altında olmayan ölkələrdə işləyir. Bizim.Media