Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsində Bakı şəhərinin 5 rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb. Bizim.Media xəbər verir ki, araşdırmalar zamanı Xətai rayonu Afiyəddin Cəlilov küçəsi 80D ünvanında yaşıllıqlar məhv edilərək qanunsuz parklanma yeri quraşdırılıb, həmçinin torpağın münbit qatı örtülmüş və piyada yolunun dəyişdirilməsi aşkar edilib. Qeyd edilən qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdimatlar verilib.
Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1, 259.2.4-cü (xeyli və külli miqdarda ziyan vurmaqla ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi) və 260.1-1-ci (külli miqdarda ziyan vurmaqla ağacları, kolları və ya digər yaşıllıqları məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işləri başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına və Fövqəladə Hallar Nazirliyinə göndərilib. Bizim.Media