ATƏT-in Minsk Qrupunun 30 noyabr saat 23:59-da rəsmi olaraq fəaliyyətini dayandırması bu strukturun uzun illər davam edən vasitəçilik modelinin tam iflasını təsdiqlədi. Bu qrup yaradıldığı ilk gündən BMT-nin Azərbaycan ərazilərinin işğaldan azad edilməsini tələb edən dörd məlum qətnaməsinə əsaslanmalı idi. Həmin qətnamələrdə Ermənistan Silahlı Qüvvələrinin qeyd-şərtsiz şəkildə Azərbaycan torpaqlarından çıxması açıq şəkildə göstərilirdi. Lakin zaman keçdikcə Minsk Qrupu bu öhdəliyə nəinki riayət etmədi, hətta mandatının mahiyyətinə uyğun olmayan, ikili standartlara əsaslanan mövqe sərgiləməyə başladı. Uzun illər ərzində qrup nə işğalçını öz adı ilə adlandırdı, nə də regionda baş verənlərə adekvat siyasi reaksiya verdi. Qrupun bəyanatlarında faktiki vəziyyət açıq şəkildə təhrif edilirdi. Hətta bəyanatlardan birində Azərbaycanın suveren ərazilərinin “No Man’s Land” kimi təqdim olunması beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulması idi. Bu isə qurumun vasitəçilik missiyasının obyektivliyinin mövcud olmadığını, ikili standartlar altında hərəkət etdiyini sərgiləyirdi.
2020-ci ildə Azərbaycan öz ərazilərini işğaldan azad etməyə başlamaqla beynəlxalq hüququ faktiki olaraq özü icra etdi, ədalətsizliyə son verdi. Bu mərhələdən sonra Minsk Qrupunun mövcudluğu belə tamamilə mənasız idi. Azərbaycan açıq şəkildə bəyan edirdi ki, bu mexanizm regionda status-kvonu qorumağa xidmət etməklə sülh prosesinə maneçilik törədir. Sentyabrdan etibarən başlayan institusional dəyişikliklər bu gün tam yekunlaşdı və Minsk Qrupu ən uğursuz vasitəçilik missiyası kimi tarixin arxivlərinə qovuşdu. Ülviyyə Zülfiqar, siyasi şərhçi