Texnologiya

Bill Qeyts süni intellektin 5 ildən sonra həyatı necə dəyişəcəyini izah etdi

Növbəti beş ildə süni intellekt texnologiyası hər kəs üçün inqilabi olacaq, çünki o, hər kəsin həyatını asanlaşdıracaq. Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, bunu Davosdakı Dünya İqtisadi Forumunda Microsoft korporasiyasının yaradıcısı Bill Qeyts deyib. O vurğulayıb ki, hər yeni texnologiya ilə qorxu gəlir, sonra isə yeni imkanlar. Bununla da, Qeyts süni intellektin inkişafının dünyada milyonlarla iş yerinin ləğvinə səbəb olacağı fikrini bölüşmür. "1900-cü ildə kənd təsərrüfatı məhsuldarlığı kimi, insanlar "Aman tanrım, insanlar nə edəcəklər?” deyə düşünürdülər. Əslində, çox sayda yeni şeylər, çox sayda yeni kateqoriyalı iş yerləri yaradıldı və biz hamının kənd təsərrüfatı ilə məşğul olduğu vaxtdan xeyli yaxşı yaşayırıq”, deyə Qeyts bildirib.  Qeyts süni intellektin hər kəsin həyatını asanlaşdıracağını proqnozlaşdırır, xüsusən də həkimlərə sənədləşmə işlərində kömək etməyə işarə edib.  "Bu, "onların sevmədiyi işin bir hissəsidir, lakin biz bunu çox səmərəli edə bilərik", deyə "Microsoft" korporasiyasının yaradıcısı qeyd edib.  Onun sözlərinə görə, bu texnologiyanın təhsil və ya tibb sahəsində tətbiqi "sadəcə fantastik olacaq”. Qeyts bildirir ki, süni intellektə giriş "sizdə olan telefon və ya kompüter vasitəsilə, artıq mövcud internet vasitəsilə” olacaq. Xatırladaq ki, Qeyts "Microsoft"un ən böyük səhmdarlarından biri olaraq qalır. Onun korporasiyası "OpenAI" ilə çox milyard dollarlıq əməkdaşlıq müqaviləsi bağlayıb.  Bu həftə Beynəlxalq Valyuta Fondu bildirib ki, süni intellektin artması dünya üzrə iş yerlərinin təxminən 40%-nə təsir edə bilər. BVF öz hesabatında süni intellektin "bərabərsizliyi dərinləşdirəcək” bildirərək, pessimist mövqe tutub.  Nizami Bağırov