Siyasət
Qarabağdakı Rusiya sülhməramlılarının statusu necə dəyişdirilir? (ŞƏRH)
Son günlər Rusiyanın müxtəlif rəsmiləri tərəfindən Azərbaycanda müvəqqəti yerləşmiş rus sülhməramlı kontingentinin gələcək taleyilə bağlı fikirlər geniş yer almağa başlayıb. Onlar bu istiqamətdə Azərbaycanla təmasda olduqlarını deyirlər.
Bu günlərdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da Qarabağda müvəqqəti yerləşən rus sülhməramlı kontingenti ilə bağlı məsələyə toxunub. O, bildirib ki, Rusiya sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı növbəti Rusiya-Azərbaycan təmaslarına hazırlıq davam edir. Onun sözlərinə görə, bu istiqamətdə tərəflər arasında dialoq müntəzəm və konstruktiv xarakter daşıyır.
Ardınca, Rusiya XİN sözçüsü Moskva ilə Bakının erməni əhalisinin Qarabağa qayıtması perspektivlərini müzakirə etdiklərini də diqqətə çatdırıb:
"Müzakirə olunan məsələlər arasında Ermənistan əhalisinin hüquqlarının və təhlükəsizliyinin lazımi səviyyədə təmin olunmaqla Qarabağa qayıtması perspektivləri, birgə patrulların təşkili, mədəni, tarixi və dini irs abidələrinin mühafizəsi də var".
Rusiya rəsmiləri tərəfindən səslənən bu fikirlər onu deməyə əsas verir ki, Kreml 2025-ci ildən sonra da sülhməramlı adı altında Azərbaycanın Qarabağ ərazisində qalmaqda israrlıdır. 2020-ci ilin noyabrında əldə edilmiş razılığa əsasən onların sülhməramlı qismində Qarabağda fəaliyyətləri 2025-ci ilin noyabrında bitir. Rusiya isə görünür bu müddəti bir qədər də uzatmaq istəyir. Moskva bu istəyinə əsas yaratmaq, don geyindirmək üçün də Qarabağı könüllü tərk edən erməni əhalisinin yenidən qayıtmasına çalışır.
Vaxtilə, yəni keçən ilin sentyabrına qədər məlumatlar səslənirdi ki, Qarabağdakı erməni əhalisinin müəyyən hissəsinə sülhməramlılar tərəfindən Rusiya pasportları verilir. Güman ki, Moskva da məhz həmin Rusiya pasportu alanları geri qaytarmaqda israrlıdır. Bu yolla da aydın məsələdir ki, Rusiya Qarabağda qalma müddətini daha uzun müddətə uzatmaq, buradakı mövqelərini möhkəmləndirməyi düşünür. Bütün hallarda görünən odur ki, Rusiya sülhməramlı qismində başa çatmaq üzrə olan 5 illik müddətlə kifayətlənmək niyyətində deyil.
Rüfət Sultan