Siyasət
Rusiyanın Azərbaycan dilinə marağı niyə artıb? (ŞƏRH)
"Rusiya vətəndaşları arasında Azərbaycan dilini öyrənməyə marağın artması ilk növbədə ölkəmizin post-müharibə dövründə cəlbedici olması ilə bağlıdır".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Rusiya vətəndaşları arasında son illər Azərbaycan və digər MDB xalqları dillərini öyrənənlərin sayının artması səbəblərini şərh edərkən deyib.
"Azərbaycanda meqalayihələr həyata keçirilir. Ölkəmiz nəqliyyat qovşağına çevrilir, iqtisadi fəaliyyət daha da genişlənir. Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun iqtisadi fəaliyyətin böyük məkanına çevrilməsi də burada öz sözünü deyir", deyə Üzeyir Şəfiyev bildirib.
Digər tərəfdən, həmsöhbətimizə görə, rusların MDB xalqları dillərini öyrənmək istəyi siyasi missioner fəaliyyətilə də bağlı ola bilər:
"Rusiya hakimiyyəti ola bilsin ki, MDB məkanına nəzarət mexanizmini həmin dilləri bilən insanlar vasitəsilə gerçəkləşdirməyi düşünürlər".
Qeyd edək ki, Rusiyanın "Vedomosti" nəşrinin məlumatına görə, son 3 ildə bu ölkədə azərbaycan dilini öyrənmək istəyənlərin sayı artıb. Mətbu orqanın yazdığına görə, 2022-ci ildən başlayaraq, ruslar MDB ölkələri dilləri üzrə repetitor xidmətlərinə daha tez-tez müraciət etməyə başlayıblar. "YouDo" analitik şöbəsinin araşdırmalarına görə, son 3 ildə azərbaycan dilini öyrənmək üçün repetitorlara müraciət edənlərin sayın 30 faiz artıb. Məlumata görə, bu müddət ərzində qazax, gürcü, belarus, qırğız, tacik və özbək dillərini öyrənmək istəyən rusların sayında da artım olub.
Rüfət Sultan